Təhsil 365 - Logo Mobile

Azərbaycan cəmiyyətində mənəvi problemlər

11705.10.2025 - 20:00
Azərbaycan cəmiyyətində mənəvi problemlər

Azərbaycan xalqı minilliklər boyu zəngin mədəniyyətə, yüksək mənəvi dəyərlərə sahib olub. Ənənələr, ailə bağları, böyüyə hörmət və kiçiyə qayğı həmişə cəmiyyətin təməl daşlarından sayılıb.

Lakin müasir dövrün qloballaşması, texnologiyanın inkişafı və sosial-iqtisadi dəyişikliklər nəticəsində bu dəyərlərin qorunmasında ciddi çətinliklər yaranıb. Bu gün Azərbaycan cəmiyyətində daha çox mənəvi problemlər diqqət çəkir və onların həlli gələcəyimiz üçün zəruri məsələdir.

Ənənəvi qonşuluq və qohumluq münasibətlərinin zəifləməsi bu problemlərin başında gəlir. Keçmişdə insanlar bir-birinin dərdinə şərik olur, toyda, yasda bir araya gəlir, birlik hissi güclü olurdu. İndi isə xüsusilə şəhər həyatında insanlar bir-birinə yadlaşıb, hətta illərlə eyni binada yaşayan qonşular arasında ünsiyyət olmur. Bu, həm sosial dəstəyin azalmasına, həm də insanların tənha qalmasına səbəb olur.

Sosial şəbəkələrin və texnologiyanın sürətli inkişafı da mənəvi boşluqlar yaradıb. Əksər insanlar, xüsusilə gənclər, günlərinin böyük hissəsini telefonda keçirir, virtual dostlarla ünsiyyət real münasibətləri əvəz edir. Bunun nəticəsində ailə içi söhbətlər azalır, dostluqlar zəifləyir. İnsanlar canlı ünsiyyətdən uzaqlaşdıqca, bir-birini anlamaq qabiliyyəti də tədricən yoxa çıxır.

Əxlaqi dəyərlərin aşınması başqa bir ciddi problemdir. Əvvəllər böyüyə hörmət, kiçiyə qayğı, ədəb və ədəblə davranmaq əsas prinsiplərdən idi. İndi isə bir çox hallarda pul, vəzifə və maddi imkan insanın dəyərini müəyyənləşdirir. Nəticədə, səmimiyyət, etibar və insani keyfiyyətlər ikinci plana keçir. Bu isə cəmiyyətdə laqeydlik, soyuqluq və bəzən də aqressiyanın artmasına gətirib çıxarır.

Maddi dəyərlərin ön plana keçməsi də mənəvi zəifləmənin nəticəsidir. İnsanların çoxu indi yaxşı avtomobilə, bahalı telefona və ya dəbdəbəli həyat tərzinə sahib olmağı uğur kimi qəbul edir. Halbuki mənəviyyat, elm, bilik və mədəni inkişaf əsl uğurun göstəricisi olmalıdır. Maddiyyat hər şeyin ölçüsünə çevrildikcə, mənəvi zənginlik arxa planda qalır.Maariflə bağlı da ciddi çətinliklər var. Kitab oxuma vərdişləri əvvəlki qədər güclü deyil.

İnsanlar vaxtlarını daha çox sosial şəbəkələrə, televiziyaya və əyləncəyə sərf edir. Bunun nəticəsində düşüncə dərinliyi azalır, gənclərin intellektual inkişafı zəifləyir. Elmə, ədəbiyyata, sənətə maraq azaldıqca, cəmiyyətin mədəni səviyyəsi də enir. Milli-mənəvi dəyərlərə laqeydlik isə ən təhlükəli məsələlərdəndir. Adət-ənənələrin unudulması, milli musiqiyə və ədəbiyyata marağın azalması, dilimizin təmizliyinə diqqətsizlik gələcək nəsillərdə kimlik böhranı yarada bilər. Öz milli kimliyini qorumayan cəmiyyət isə zamanla yad təsirlərə daha asan məruz qalır.

Nəticə olaraq, Azərbaycan cəmiyyətində mövcud mənəvi problemlər yalnız sosial və mədəni sahələrə deyil, həm də insanların gündəlik həyatına təsir göstərir. Bu vəziyyətdən çıxış yolu isə ailədən başlayır: valideynlər övladlarına dəyərləri aşılamalı, məktəblərdə təkcə bilik yox, həm də mənəvi tərbiyə verilməlidir. Media və ictimai təşkilatlar da milli-mənəvi prinsiplərin təbliğinə yönəlməlidir.

Yalnız bu halda Azərbaycan xalqının zəngin mənəvi mirası qorunacaq və gələcək nəsillərə sağlam şəkildə ötürüləcəkdir


Raul Qarayev

Azərbaycan Dillər Universiteti Beynəlxalq Jurnalistika

Elnarə Həmidli

Новостная лента

На данный момент новостей в ленте нет...