Oktyabrın 6-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri ilə sağlam həyat tərzinin təbliği, idmanın inkişafı və gənclərin idmana cəlb olunması mövzusunda seminar keçirilib.
“Tehsil365” “Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi”nə istinadən xəbər verir ki, tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri Yusif Xamiyev, Azərbaycanın Həndbol Federasiyasının məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Vidadi Əliyev, məşqçi-müəllimlər Fəzail Əbilov, Zəfər Miriyev və məktəbin kollektivi iştirak edib.
Görüş zamanı Yusif Xamiyev Prezident İlham Əliyevin idmana göstərdiyi qayğıdan, Azərbaycanda keçirilən III MDB Oyunlarından və ölkədə idmanın inkişaf perspektivlərindən danışıb. O, həmçinin səhər idmanının faydaları, Lənkəran UGİM-də fəaliyyət göstərən həndbol, ağırlıqqaldırma və boks bölmələri, Lənkəran Olimpiya İdman Kompleksindəki idman növləri və oktyabr ayında start veriləcək “Üzməyi öyrənək” layihəsi barədə məlumat verib.
Azərbaycanın Həndbol Federasiyasının məşqçisi Vidadi Əliyev isə həndbol idman növünün tarixi, insan sağlamlığına faydası və regionda həndbol bölməsinin fəaliyyəti, idmançılara göstərilən dəstək və qayğı barədə danışıb.
Tədbir iştirakçılara sağlam həyat tərzini mənimsəmək və idmana marağı artırmaq üçün faydalı tövsiyələr təqdim edib.