Təhsil 365 - Logo Mobile

Oxumaq yoxsa inkişaf etmək?

10807.10.2025 - 18:45
Oxumaq yoxsa inkişaf etmək?

Abituriyent vaxtı qarşılaşdığım bir cümlə var idi: “Nolsun ki, 4 il oxudum, diplomum evdə qalıb, özüm isə kassir işləyirəm.” Bu cümlə hər zaman beynimin bir küncündə yer alırdı. Üstəlik, belə düşünən insanlar bizə də ali təhsil almamağımızı, peşə seçib onu öyrənərək həyatımızın sonuna kimi işləməyi məsləhət görürlər.

Maraqlısı ondadır ki, belə düşünən insanlara sadəcə bir sual veririk: “Bəs siz bu 4 il boyunca nə etmisiniz?” Aldığımız cavab çox vaxt sadəcə “imtahanlara hazırlaşıb oxumuşam” olur.

Düzdür, müxtəlif cür insanlar var. Bəziləri düşünür ki, yalnız 4 il ərzində oxumaq kifayətdir, başqa heç nə etmək lazım deyil. Digərləri isə hesab edir ki, oxumaqla yanaşı inkişaf da vacibdir. Mənim fikrimcə isə universitet sadəcə imtahanlara hazırlaşıb, sonda diplom almaq üçün deyil. Hər kəs bu 4 il ərzində özünü müəyyən qədər inkişaf etdirib, üzərində çalışsa, uğura çata bilər. Təbii ki, yalnız bununla kifayətlənmək olmaz. Bizim həmçinin geniş dünya görüşümüz olmalıdır.

Bədii əsərlər oxuyaraq söz bazamızı artırmalıyıq. Çünki söz bazasının zənginləşməsi bizə insanlarla daha düzgün, səlist və rahat ünsiyyət qurmağa imkan verir. Bundan əlavə, yalnız öz dilimizlə kifayətlənməməli, başqa dilləri də öyrənməliyik. Dil bilmək həm xarici ölkələrə səfərlərdə, həm də ünsiyyət zamanı bizə açar rolunu oynayır. Könüllülük proqramlarına qatılmaq, təcrübə qazanmaq, müxtəlif sertifikatlar əldə etmək də vacibdir.

Nəticə olaraq, universitet təhsili yalnız diplom üçün deyil, həyat üçün bir fürsətdir. Bu illəri yalnız imtahanlara hazırlaşmaqla deyil, həm də özümüzü inkişaf etdirməklə dəyərləndirsək, gələcəkdə peşəmizdən asılı olmayaraq uğurlu ola bilərik.

Xədicə Abbasova

Новостная лента

На данный момент новостей в ленте нет...