Oktyabrın 10-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə A. Nuriyev adına Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü məktəb-liseydə “11 Oktyabr – Beynəlxalq Qızlar Günü”nə həsr olunmuş “Mən də təhsil almalıyam” mövzusunda gənclərlə görüş keçirilib.
“Tehsil365” “Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi”nə istinadən xəbər verir ki, tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, məktəb-liseyin müəllimləri, yeniyetmə və gənc qızlar iştirak ediblər.
Görüşdə Beynəlxalq Qızlar Gününün yaranma tarixi və məqsədi, qız uşaqlarının təhsilə cəlb olunmasının əhəmiyyəti, qadınların cəmiyyətdə rolu və onların bərabər imkanlara sahib olması üçün görülən işlər barədə geniş məlumat verilib. Çıxışlarda vurğulanıb ki, təhsil qız uşaqlarının gələcəkdə öz ayaqları üzərində durmaları və savadlı, azad fərdlər kimi formalaşmaları üçün ən vacib vasitədir.
Tədbirdə həmçinin dövlət tərəfindən qadınların və qızların təhsilinə, ictimai həyatda fəal iştirakına göstərilən diqqət xüsusi qeyd olunub.
Görüşün sonunda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması və onların təhsilə daha geniş cəlb olunması istiqamətində təkliflər səsləndiriblər.