Türk dövlətləri vahid mövqedən çıxış edən, ortaq dəyərlər və məqsədlər ətrafında birləşən qlobal gücə çevrilməkdədir
Türk Dövlətləri Təşkilatının son illərdəki inkişaf istiqaməti göstərir ki, bu qurum artıq yalnız tarixi və mədəni birlik kimi deyil, həm də müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və iqtisadi təsir gücünə malik strateji platforma kimi formalaşır. Bu baxımdan Türk dünyasının birliyinin, həmrəyliyinin təqdimatı olan Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XII Zirvə görüşü tarixi əhəmiyyət daşımaqla hazırkı geosiyasi çağırışlar fonunda TDT-nin sülhün və sabitliyin təmin olunmasında birgə səylər göstərmək niyyətini nümayiş etdirir.
Təbii ki, keçirilən hər bir Zirvə Görüşü ötən dövrün təhlilini bir zərurət kimi qarşıya qoyur. qeyd edək ki, Türk Dövlətləri Təşkilatı 2009-cu ildə Naxçıvanda imzalanmış tarixi Naxçıvan Müqaviləsi ilə rəsmi şəkildə təsis olunsa da, onun ideyası türkdilli xalqlar arasında əsrlərlə formalaşan siyasi, mədəni və hərbi həmrəyliyə söykənir. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qurucu dövlətlər olub. Sonradan Özbəkistan 2019-cu ildə təşkilata üzv qəbul edilib. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası müşahidəçi üzv qəbul ediliblər. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına Türk Dövlətləri Təşkilatının müşahidəçi statusu verilib.
Təşkilatın XII Zirvə Görüşü isə artıq tarixə yazıldı. Qəbələ şəhərindən Türk dünyasının birliyinin dünyaya çatdırılması bir daha bu həmrəyliyin gücləndirilməsinin Azərbaycanın xarici siyasətində prioritet olduğunu təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə Görüşündə iştirak ediblər. Sammitin məhz Azərbaycanda keçirilməsi dərin rəmzi məna daşıyır. Ərazi bütövlüyünü bərpa etdikdən sonra ölkəmiz regionda mövqeyini gücləndirib və türk dünyasının inteqrasiyasının katalizatoruna çevrilib.
Prezident İlham Əliyevin Zirvədəki çıxışı türk birliyinin gələcək yol xəritəsini müəyyənləşdirdi: “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”.
Dövlətimizin başçısı cənab İlham Əliyev Zirvə görüşündəki çıxışında diqqəti bir sıra digər mühüm məqamlara yönəltdi. Azərbaycanın 20 milyard dollardan çox sərmayə qoyduğu Türk ölkələri iqtisadi əməkdaşlığın səmərəli modelini nümayiş etdirir. Ölkə başçısının vurğuladığı kimi, bu vəsaitlərin əsas hissəsi Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla birgə fondlara yönəlib. Bu, təkcə maliyyə axını deyil, həm də birgə inkişaf fəlsəfəsi deməkdir. TDT çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşməsi türk dövlətlərini dünya iqtisadi sistemində vahid güc mərkəzinə çevirəcək.
Zirvə Görüşünün sonunda qəbul olunan Bəyannamə Türk Dövlətləri Təşkilatının siyasi və institusional strukturunun yeni mərhələyə keçidini əks etdirdi. Bir sözlə, Qəbələ Zirvəsi bir daha göstərdi ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan Türk dünyasının strateji mərkəzinə çevrilib. Bu gün türk dövlətləri artıq vahid mövqedən çıxış edən, ortaq dəyərlər və ortaq məqsədlər ətrafında birləşən qlobal gücə çevrilməkdədir.
Könül PİRVERDİYEVA
ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru

