Nərimanov Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, bu barədə Ceyhun Məmmədov rəsmi səhifəsində paylaşım edib.Tədbirdə millət vəkili Ceyhun Məmmədov da iştirak edib. Deputat çıxışında müəllimlik peşəsinin cəmiyyətin mənəvi dayaqlarından biri olduğunu vurğulayıb. O qeyd edib ki, müəllimlik sadəcə bir peşə deyil, gələcəyi formalaşdıran, gənc nəsillərə istiqamət verən müqəddəs bir missiyadır.
Ceyhun Məmmədov bildirib ki, müəllimlər gəncləri bilikli, vətənpərvər və milli-mənəvi dəyərlərə sadiq ruhda yetişdirməklə ölkəmizin gələcəyinə böyük töhfə verirlər. Onun sözlərinə görə, müəllimlərin gənc nəslin formalaşmasında, milli kimliyimizin və dövlətçilik dəyərlərimizin qorunmasında rolu əvəzsizdir.
Deputat, həmçinin, Ulu Öndər Heydər Əliyevin təhsil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, dövlət başçısının müəllim əməyinə göstərdiyi yüksək diqqət, təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması və müəllim nüfuzunun artırılması istiqamətində atdığı addımlar ölkəmizdə təhsilin inkişafına mühüm töhfə verir.
Tədbirin sonunda təhsil sahəsində yüksək nailiyyətlər əldə edən və gənclərin inkişafına töhfə verən bir qrup müəllim fəxri fərmanlarla təltif olunub.Müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.