Təhsil 365 - Logo Mobile

“Valideyn uşağı müqayisə etməməli, onu dəstəkləməlidir.”-təhsil ekspertindən açıqlama

11614.10.2025 - 17:15
“Valideyn uşağı müqayisə etməməli, onu dəstəkləməlidir.”-təhsil ekspertindən açıqlama

Uşağın təhsilində valideynin rolu böyükdür — onların düzgün dəstəyi və marağı uşağın həm dərslərində, həm də şəxsi inkişafında mühüm əhəmiyyət daşıyır.

Mövzu haqqında “Tehsil365”ə təhsil eksperti Elçin Süleymanov açıqlama verib. O qeyd edib ki, əlbəttə ,valideynlərin uşaqlarının təhsili ilə maraqlanması çox vacib və əhəmiyyətlidir. Xüsusilə ibtidai sinif mərhələsində bu maraq və dəstək müəllimlə paralel şəkildə olmalıdır. Uşağın təhsil həyatında valideyn və müəllim bir-birini tamamlayan iki əsas dayağı təşkil edir.

“Valideynlər ilk növbədə uşaqlarını digər uşaqlarla müqayisə etməməlidirlər. Bu, uşağın özünə inamını azaldır və motivasiyasını sarsıdır. Əksinə, valideynlər övladlarını dəstəkləməli, onlara inandıqlarını göstərməli və hər bir uğurunu, istər kiçik, istər böyük olsun, qiymətləndirməlidirlər. Rəqabət yaratmaq əvəzinə, uşağın fərdi inkişafına və güclü tərəflərinin üzə çıxmasına kömək etmək daha məqsədəuyğundur.”

“Eyni zamanda, bu prosesdə müəllimlərin də rolu böyükdür. Valideynlə müəllim arasında düzgün əməkdaşlıq uşağın həm tədris nəticələrinə, həm də psixoloji durumuna müsbət təsir göstərir. Müəllim və valideyn bir-biri ilə qarşılıqlı şəkildə əlaqədə olmalı, uşağın təlim-tərbiyə prosesini birlikdə izləməlidirlər.”

“Valideynlər uşaqlarının gündəlik həyatına da diqqət yetirməlidirlər. Uşağın gün ərzində nələrlə məşğul olduğu, telefona və televizora nə qədər vaxt ayırdığı, həmçinin yatmaq və oyanmaq saatları nəzarətdə olmalıdır. Sağlam yuxu rejimi və düzgün qidalanma uşağın diqqətini toplamasına, dərslərində daha yaxşı nəticə göstərməsinə kömək edir.”

“Bundan əlavə, valideyn uşağın məktəbdəki fəaliyyətlərini, uğurlarını və maraq dairələrini yaxından izləməli, onu hər bir sahədə sağlam şəkildə dəstəkləməlidir. Əgər uşaq çətinliklərlə üzləşirsə, valideyn onu danlamaq əvəzinə, motivasiya verməli, “sən bacararsan” kimi ruhlandırıcı ifadələrdən istifadə etməlidir.”

Nəticə etibarilə, əgər valideyn uşağın təhsilinə, gündəlik həyatına və emosional durumuna diqqətlə yanaşarsa, onun inkişafını həm mənəvi, həm də tədris baxımından dəstəkləyərsə, bu zaman şagird məktəbdə daha uğurlu, inamlı və fəal olar. Məncə, uşağın uğurunun ən güclü sirri onun arxasında dayanan anlayışlı valideyn və dəstəkləyici müəllimdir.

Elnarə Həmidli

Новостная лента

На данный момент новостей в ленте нет...