Xaricdə təhsil almaq həqiqətən gənclərə daha çox fürsət yaradır, yoxsa bu sadəcə bir trend halına gəlib?
Bu barədə ekspert Məzahir Məmmədli öz fikirlərini “Tehsil365”lə bölüşüb.
O bildirib ki, son illər Azərbaycandan xaricə təhsil almaq üçün gedənlərin sayı durmadan artır. Səbəblər müxtəlif olsa da, əsas fikir ondan ibarətdir ki, xaricdə daha keyfiyyətli və sərfəli təhsil almaq mümkündür.
“Xaricdə təhsil almağın bir neçə yolu var. Bəziləri dövlət xətti ilə imtiyazlı şəkildə göndərilir və onların bütün xərcləri dövlət tərəfindən qarşılanır. Digər qrup isə beynəlxalq təqaüd proqramları – məsələn, SAT və ya digər xarici imtahan nəticələri ilə qəbul olaraq universitetlərdən maliyyə dəstəyi alır. Üçüncü kateqoriyaya isə Azərbaycanda ali məktəblərə keçid üçün kifayət qədər bal toplaya bilməyən, lakin ödənişli və özəl liseylərdən məzun olan və ya xarici proqramlara uyğun hazırlıq keçmiş gənclər daxildir,”-deyə vurğulayıb.
Ekspert qeyd edir ki, Azərbaycanda çox vaxt yüksək ödənişlə belə keyfiyyətli təhsil almaq mümkün olmur. Xaricdə isə bu göstərici əksinədir — daha az vəsaitlə daha yüksək keyfiyyətli təhsil almaq imkanı var. Eyni zamanda, xaricdə təhsil alıb geri dönənlər əmək bazarında daha üstün mövqe qazanırlar.
“Lakin bu prosesin çətinlikləri də var. Xaricdə təhsil alıb ölkəyə qayıdan məzunlar Dövlət İmtahan Mərkəzində ixtisas uyğunluğu imtahanı verərək diplomlarını tanıtdırmalı olurlar. Bu isə əlavə vaxt və stress yaradır.”
Ekspertin fikrincə, ölkədə ali məktəblərə qəbul qaydaları təkmilləşdirilməli, təhsil sistemi daha çevik və keyfiyyətli olmalıdır ki, gənclər xaricə üz tutmaq məcburiyyətində qalmasınlar.