Lənkəranda sağlam həyat tərzinin təbliği və idmanın inkişafı istiqamətində görüş keçirildi.
“Tehsil365” xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran şəhər 3 saylı tam orta məktəb və Lənkəran rayon Gərmətük kənd tam orta məktəbin şagirdləri ilə sağlam həyat tərzinin təbliği, idmanın inkişafı və idmana cəlb olunması istiqamətində görüş keçirilib.
Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri Yusif Xamiyev, Azərbaycanın Həndbol Federasiyasının məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Vidadi Əliyev, boks üzrə məşqçi müəllim Zəfər Miriyev və məktəbin kollektivi iştirak ediblər.
Görüş zamanı Yusif Xamiyev Ölkə Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi qayğıdan, idmanın inkişafından, sağlam həyat tərzinin təbliğindən, səhər idmanının faydasından, Lənkəran şəhər UGİM-in tərkibində fəaliyyət göstərən həndbol, ağırlıqqaldırma və boks idman növləri barədə, eyni zamanda Lənkəran Olimpiya İdman Kompleksində fəaliyyət göstərən idman növləri və oktyabr ayında start veriləcək “Üzməyi öyrənək” layihəsi barədə ətraflı məlumat verib.
Zəfər Miriyev boks idman növünün insan sağlamlığı üçün faydasından, idmançılara göstərilən qayğı və dəstəkdən danışıb.
Vidadi Əliyev də öz növbəsində həndbol idman növünün tarixindən, bu idman növünün insan sağlamlığı üçün faydasından, regionda həndbol bölməsinin fəaliyyətə başlaması və cəlb olunmuş idmançılara göstərilən qayğı və dəstəkdən danışıb.