Bu il Azərbaycan xalqı dövlət müstəqilliyimizin bərpasının 34 illiyini qeyd edir. XX əsrin sonlarında yaranmış tarixi şərait Azərbaycana dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. 2021-ci il oktyabrın 15-də Milli Məclis cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi.
Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu. müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha da çətindir. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində təzəcə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Amma xalqımız bu ağır günlərdə möhkəm iradə nümayiş etdirərək öz taleyinə sahib çıxdı. 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi etdi. Azərbaycan əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan möhkəm təməllər üzərində inkişaf yolunu tutdu. Ümummilli Liderin yorulmaz səyləri nəticəsində qısa müddətdən sonra Azərbaycanın səsi dünyanın ən nüfuzlu təşkilatların yüksək tribunalarından gəldi. Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqiyə nail olub. Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən Liderinin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir !
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi
Gülöyşə Azadqızı

