Təhsil 365 - Logo Mobile

Siyasi alleqoriyanın gücü: “Heyvanıstan”

9118.10.2025 - 17:12
Siyasi alleqoriyanın gücü: “Heyvanıstan”

Bir gün kitab mağazasında adı diqqətimi çəkən bir roman gördüm və onu oxumağa qərar verdim. Bu, Corc Oruellin “Heyvanıstan” romanıdır. 1945-ci ildə siyasi alleqoriya üslubunda yazılmış bu əsər sovet hakimiyyəti dövründəki sərt rejimdən sətraltı şəkildə bəhs edir.

Fermada yaşayan heyvanlar insanlara qarşı üsyan edərək öz idarəçiliyini qururlar. “Bütün heyvanlar bərabərdir” şüarı ilə yola çıxan heyvanlar sonradan donuzların rəhbərliyi altında yenidən avtoritar rejimə məruz qalırlar. Əsərdə donuzların digər heyvanları işlədib onların əməyini mənimsəməsi, etiraz edənlərin isə gecə ikən naməlum şəkildə yox olması SSRİ quruluşunun alleqorik təsviridir. Sovet hakimiyyəti, öz tərkibindəki xalqları onların özləri üçün çalışdığına inandıran və rejimə qarşı çıxanları repressiyalara məruz qoyan bir sistem kimi təqdim olunur. Bu rejim, Snowball adlı donuz obrazında simvolizə edilib. Onun dostu isə mahir nitqi sayəsində hər haqsız vəziyyətdən fayda götürən Napoleon adlı donuzdur və bu obraz o dövrün Pravda qəzetinin alleqorik formasını təmsil edir.

“Bütün heyvanlar bərabərdir” şüarının sonradan “Bütün heyvanlar bərabərdir, lakin bəzi heyvanlar daha bərabərdir” kimi dəyişdirilməsi əsərin əsas ideyasını ifadə edir. Roman insan obrazında çar II Nikolayın təsvir olunduğu, o dövrün acınacaqlı vəziyyətini və siyasi rejimin sərtliyini əks etdirən möhtəşəm bir əsərdir. Oxuduqdan sonra sizdə də belə suallar yaranacaq: Bərabərlik mümkündürmü? Avtoritarlıq olmadan dövlət idarəçiliyi olurmu?

Əsərdəki hadisələri günümüzlə əlaqələndirsək, görərik ki, bu roman hələ də aktuallığını qoruyur.

Kitabla bağlı toxunula biləcək başqa bir maraqlı mövzu da onun adıdır. Orijinal adı “Animal Farm” olan romanın hərfi tərcüməsi “Heyvan ferması” olardı. Necə ki, türkcəyə “Hayvan Çiftliği” kimi tərcümə edilib. Lakin etiraf etməliyik ki, “Heyvanıstan” adı çox uğurlu bir tərcümədir. Elə adından belə əsərdə heyvanlar simasında real dövlətdən bəhs edildiyi hiss olunur.

Heyvanıstan sadəcə bir roman deyil, həm də siyasi cərəyanların təsviridir. Günümüzdə də oxunmalı olan bir əsərdir. Bu roman insanı düşünməyə vadar edir, mövcud quruluşlara tənqidi yanaşmağı öyrədir. Axıcı hekayəsi və sarsıdıcı sonluğu ilə bu kitab maraqla oxunan klassiklərdəndir.

Xədicə Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...