Son illərdə azərbaycanlı gənclər arasında Türkiyədə təhsil almağa maraq artmaqdadır. Bu ölkədəki təhsil sistemi tələbələrə həm nəzəri bilik, həm də praktiki bacarıqları bir arada qazanmaq imkanı yaradır.
Süleyman Dəmirəl Universitetinin İqtisadi və İdarəetmə Fakültəsinin Maliyyə ixtisası üzrə təhsil alan tələbə Emil İsmayılov “Tehsil365”ə açıqlamasında bildirib ki, Türkiyədə təhsil almaq onun üçün həm fərqli, həm də inkişaf etdirici bir təcrübə olub:
“Türkiyədə təhsil almaq mənim üçün həm fərqli bir təcrübə, həm də inkişaf imkanı oldu. Burada təhsil sistemi daha çox praktik yönümlüdür — tələbələr yalnız nəzəri biliklərlə kifayətlənmir, eyni zamanda öyrəndiklərini tətbiq etmə fürsəti də qazanırlar. Məsələn, dərslərdə layihələr, təqdimatlar və qrup işləri çox olur, bu da tələbələrin həm ünsiyyət, həm də komanda bacarıqlarını artırır.”
O, həmçinin qeyd edib ki, Azərbaycanda təhsil sistemi daha çox nəzəri biliklərə əsaslanır:
“Azərbaycanda fənlər dərin və elmi şəkildə öyrədilir, amma bəzən praktiki tətbiq hissəsi çatışmır. Yəni, biz daha çox məlumat toplayırıq, lakin onu real həyatda necə istifadə etməyi az öyrənirik. Türkiyədə isə bu balans daha yaxşı qurulub.”
Emil İsmayılov gələcəkdə Türkiyədə təhsil almaq istəyən gənclərə də bir neçə tövsiyə verib:
“Türkiyədə təhsil almaq çox dəyərlidir, amma eyni zamanda planlı və hazırlıqlı olmağı tələb edir. İlk növbədə, gələcək tələbələrə məsləhətim odur ki, oxumaq istədikləri ixtisas və universitet haqqında əvvəlcədən ətraflı araşdırsınlar. Hər universitetin tədris sistemi, fənn proqramı və imkanları fərqli olur.”
O, dil məsələsinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Türk dili asan görünsə də, akademik səviyyədə dərs keçmək və yazı yazmaq üçün müəyyən hazırlıq vacibdir. Lazım gələrsə, təhsildən əvvəl dil kursu keçmək faydalı olar.”