Süni intellektin təhsildə rolu getdikcə artır, amma onun yanlış istifadəsi şagirdləri düşünməkdən uzaqlaşdıraraq savadsızlaşmaya səbəb olur.
Mövzu haqqında “Tehsil365”ə təhsil eksperti İlkin Məmmədkərimov açıqlama verib. O qeyd edib ki, dərslərin texnologiya ilə aparılması, təəssüf ki, bəzən şagirdlərin düşünmə qabiliyyətini azaldır. Bu gün yeni bir tendensiya yaranıb: şagirdlər ev tapşırıqlarını 20 dəqiqə ərzində “ChatGPT” vasitəsilə yerinə yetirirlər. Yəni süni intellekt onların yerinə çalışır, nəticədə isə şagird gün ərzində demək olar ki, heç bir intellektual fəaliyyət göstərmir.
O bildirib ki, bizim vaxtımızda bu belə deyildi. Biz tapşırıqları saatlarla özümüz həll edir, axşama qədər çalışır, sonra istirahət edirdik. İndi isə vəziyyət tam fərqlidir. Şagird sadəcə şəkli “ChatGPT”-yə göndərir və cavabı hazır alır. Belə desək, artıq indiki nəsil “ChatGPT nəsli”dir.
“Bu isə təbii ki, savadsızlaşmaya gətirib çıxarır. Çünki bu cür davranışla şagird müəllimi yox, əslində özünü aldadır. Sabah imtahanda qarşısına suallar çıxanda, cavab verə bilməyəcək və nəticə etibarilə uğur qazana bilməyəcək.”
Əlbəttə, süni intellektin müsbət tərəfləri də çoxdur. Dünyanın bir çox inkişaf etmiş ölkələrində o, təhsil proqramlarının təşkili, tapşırıqların yoxlanılması və tədris prosesinin təkmilləşdirilməsi üçün istifadə olunur. Lakin bizdə, təəssüf ki, bu texnologiyadan daha çox mənfi məqsədlərlə – yəni düşünməkdən qaçmaq üçün istifadə edilir. Halbuki şagird tapşırığı özü həll etməli, beynini işlətməli və öyrənməyə vaxt ayırmalıdır.