Texnologiyanın inkişafı ilə məktəblərin əsas məqsədi dəyişməsə də, tədris metodları dəyişir — artıq Z və Alfa nəsilləri daha praktik, qısa və məntiqə əsaslanan təhsil istəyirlər.
Mövzu haqqında “Tehsil365”ə təhsi eksperti Elçin Süleymanov açıqlama bildirib.O qeyd edib ki, məktəbin qarşısına qoyulan əsas tələblər təkcə təhsil verməklə məhdudlaşmır. Məktəb həm də təlim-tərbiyə işini həyata keçirməli, cəmiyyətə uyğun və faydalı kadrlar yetişdirməlidir. Bu baxımdan, gələcəyin məktəbində də eyni məqsəd və vəzifə qalacaq. Sadəcə, tətbiq olunan metodlar dəyişəcək.
“Artıq tədris prosesi texnologiyadan, süni intellektdən və yeni nəsillərin — Z və Alfa nəslinin bacarıqları ilə psixologiyasına uyğun təhsil sistemindən istifadə etməklə həyata keçirilməlidir. Müasir şagirdlər uzun-uzadı əzbərləmə və oxuma metodları ilə deyil, daha qısa, məntiqə əsaslanan, praktik və məqsədyönlü təhsil formalarını üstün tuturlar. Onlar öyrəndiklərini analiz edib nəticə çıxarmağı və öz biliklərini tətbiq etməyi istəyirlər.”
O bildirib ki, gələcəyin kadrları analitik düşüncə qabiliyyətinə malik olmalı, kollektivdə işləmə bacarığına sahib olmalı, süni intellektlə düzgün şəkildə ünsiyyət qurmağı və ona doğru suallar verməyi bacarmalıdırlar. Eyni zamanda bu kadrlar cəmiyyətə, ailəsinə və ölkəsinə fayda gətirməyi bacaran şəxslər olmalıdırlar.
“Düzdür, gələcəyin məktəblərinin işi daha çətin olacaq. Çünki süni intellekt dövründə yetişən uşaqlar çox vaxt səbirsiz, diqqətini cəmləməkdə çətinlik çəkən və bəzən də içinə qapanıq olurlar. Bu uşaqları cəmiyyətə uyğunlaşdırmaq üçün əlavə səy və güc sərf etmək lazım gələcək.”
“Bu səbəbdən də artıq nəzəriyyə və uzun-uzadı mühazirələr yerinə daha praktik, rəngarəng və interaktiv dərslər keçirilməlidir. Belə dərslər şagirdlərin diqqətini artırmaqla yanaşı, öyrənməni həm maraqlı, həm də səmərəli edəcək.”