Təhsil 365 - Logo Mobile

Həyatı naxışlarda əbədiləşən rəssam

8322.10.2025 - 14:00
Həyatı naxışlarda əbədiləşən rəssam

Azərbaycan xalqının Ümummilli Lideri, mədəniyyətimizin mahir bilicisi və böyük himayədarı, Ulu Öndər Heydər Əliyev Xalq rəssamı Kamil Əliyevin sənətini yüksək qiymətləndirərək deyib: “Onun əsərləri Azərbaycan xalçaçılıq sənətində, rəssamlıq məktəbində daim yaşayacaq və çox görkəmli əsərlər kimi Azərbaycan mədəniyyəti xəzinəsində öz yerlərini tutacaqdır".

“Tehsil365” xəbər verir ki, bu gün Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı professor Kamil Əliyevin anadan olmasının 104-cü ildönümü tamam olur.

Kamil Əliyev yaradıcılığının zirvəsində dayanan mövzulardan başlıcası və demək olar ki, əsasları məhz portret – xalçalardır. Kamil Əliyev öz təkrarsız sənəti, orijinal ornament və naxışları ilə, qədim Azərbaycan xalça sənətinin ənənələri əsasında yaratdığı müasir portret – xalçaları ilə son dərəcə mühüm, dövlət əhəmiyyətli bir missiyanı, ölkəmizi, odlar yurdumuzu beynəlxalq aləmdə tanıtmaq, dünyanın nəzərlərini əbədi sənət diyarımıza – Azərbaycanımıza çevirmək missiyasını peşəkar diplomatlar səviyyəsində yerinə yetirib desək yanılmarıq.

O, Azərbaycanın qədim və əbədiyaşar xalça sənətinə yeni çalar, orijinal bir üslub gətirmiş, xalçaçılığın milli koloritə, tarixi köklərə söykənən portret – xalça janrına vətəndaşlıq hüququ qazandırmış və bu müqəddəs xalq sənətinə sevgisini göstərə bilmişdir.

Kamil Əliyev ilk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr edib. Bu xalçanın təravətli, şux rəngli naxışları Füzuli lirikasının dərinliyini tamaşaçıya çatdırır. Bu xalı xalq sənətimizin qiymətli bir incisi kimi Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi ekspozisiyasına daxil edilib. Xalının uğuru rəssamı o qədər ruhlandırır ki, o, bir müddət keçəndən sonra İmadəddin Nəsimi və Nizami Gəncəviyə həsr edilmiş xalıları da yaradır. Rəssam bu dahi şairlərimizin hər birinin yaradıcılığına və dünyagörüşünə xas olan cəhətləri xalça sənətinin ifadə vasitələri ilə açmağa səy göstərmiş və məqsədinə nail olmuşdur.

Kamil Əliyevin portret-xalçalarının ikinci silsiləsi müxtəlif ölkələrin tanınmış siyasət və dövlət xadimlərinə həsr olunub.

Rəssam Hindistanda yaradıcılıq ezamiyyətində olarkən bu qədim Şərq ölkəsinin mədəniyyətilə yaxından tanış olur, İndira Qandinin portret-xalçasını yaratmaq üzərində düşünür. Vətənə qayıtdıqdan sonra uzun müddət xalçanın çeşnisi üzərində işləyir. Uzun axtarışlar və hind incəsənətinin incilərilə tanışlıq müəllifə bu işdə kömək etmişdir. Kamil Əliyev Azərbaycan və Hindistan sənəti üçün ənənəvi olan "buta" ornament motivindən, hindli və azərbaycanlı xalça ustalarının çox sevdiyi tünd-göy rəng çalarlarından özünəməxsus surətdə ustalıqla istifadə etmişdir.

Kamil Əliyevin türk xalqının böyük oğlu Atatürkə həsr etdiyi portret-xalısı tam başqa ovqatlı bədii üsluba malikdir. Bu portret-xalı Kamil Əliyevin ən böyük sənət uğurlarından sayılır. Turqut Özal, Süleyman Dəmirəl, eləcə də neçə-neçə başqa dövlət, elm və mədəniyyət xadimləri bu xalçanı çox yüksək qiymətləndirib, Kamil Əliyev sənətinə böyük hörmətlərini, ehtiramlarını bildirmişlər.

Ömrünü-gününü xalqına həsr etmiş, öz xalqının taleyində əbədi iz qoymuş böyük dövlət xadimi, qüdrətli şəxsiyyət Heydər Əliyevin Kamil Əliyevin tərəfindən yaradılmış yüksək bədii xüsusiyyətlər kəsb edən portreti də belə əsərlərdəndir. Kamil Əliyev Heydər Əliyevin ölkənin Ali Baş Komandanı kimi general libasında portret xalçasını yaradıb. Bu portret ictimaiyyət arasında böyük rəğbətlə qarşılanıb. Heydər Əliyevin portreti onun 75 illiyinə hədiyyə idi.

Xalq rəssamı professor Kamil Əliyev bir çox dövlət mükafatları ilə təltif olunub, sağlığında 80 illiyi, vəfatından sonra isə 90 və 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə əlaqədar sərəncamlar imzalanıb. Bu da sənətkarın bizə miras qoyduğu irsin müasir dövrdə incəsənətimiz üçün aktual olduğunu bir daha sübut edir. Xalq rəssamı Kamil Əliyev incəsənətimizi yüksəkliklərə qaldıran, onu öz əsərləri ilə daha da zənginləşdirən görkəmli şəxslərdən biridir. Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilmişdi.

Kamil Əliyev 2005-ci il martın 1-də vəfat edib.

Aydan Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...