Təhsil 365 - Logo Mobile

Prezident Kitabxanası tərəfindən hazırlanmış “Üzeyir Hacıbəyli” adlı layihənin təqdimatı keçirilib

8322.10.2025 - 15:11
Prezident Kitabxanası tərəfindən hazırlanmış “Üzeyir Hacıbəyli” adlı layihənin təqdimatı keçirilib

Oktyabrın 22-də Prezident Kitabxanası tərəfindən hazırlanmış “Üzeyir Hacıbəyli” adlı layihənin təqdimatı keçirilib. Tədbir Cahangir Cahangirov adına Xorun ifasında Dövlət Himninin səslənməsi ilə başlayıb.

“Tehsil365” xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası çərçivəsində hazırlanıb və dahi bəstəkar, Şərqdə ilk operanın müəllifi, görkəmli musiqişünas-alim, pedaqoq, publisist, dramaturq və ictimai xadim Üzeyir Hacıbəylinin çoxşaxəli fəaliyyətini və zəngin irsini əhatə edir. Azərbaycan, ingilis və rus dillərində hazırlanmış layihə 12 bölmə və 23 altbölmədən ibarətdir.

Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova layihənin Azərbaycan mədəniyyətinin zənginliyini və Üzeyir Hacıbəylinin irsinin önəmini geniş auditoriyaya çatdırmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, faktlara, tarixi sənədlərə əsaslanan layihə milli mədəniyyətimizin qorunması və təbliği üçün vacibdir, gənc nəsillərin böyük bəstəkarın yaradıcılığı ilə tanışlığına şərait yaradır.

O, həmçinin Üzeyir Hacıbəylinin əsərlərinin ermənilər tərəfindən təhrif edilmə halları barədə danışıb, bu cür halların milli mədəniyyətimizin qorunması və doğru şəkildə təqdim olunmasının vacibliyini bir daha göstərdiyini vurğulayıb. Bildirib ki, layihə bu tip təhriflərin qarşısını almağa, tarixi həqiqətləri qorumağa və gənc nəslin doğru məlumat almasına xidmət edir.

Professor Afət Abbasova layihənin çoxşaxəli quruluşu və interaktiv imkanları sayəsində həm tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün qiymətli bir resurs olduğunu diqqətə çatdırıb.

Daha sonra İncəsənət ədəbiyyatı fondu qrupunun rəhbəri Fəridə Namazova layihənin strukturu haqqında ətraflı məlumat verib. O, layihənin müxtəlif bölmələrini təqdim edərək “Bəstəkar” bölməsində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını, bioqrafiyasını, xronologiyasını, haqqında xatirələri, iqtibasları, mahnıları, notları, əlyazmaları həmçinin musiqi və elmi fəaliyyətini sistemli şəkildə əks etdirdiyini bildirib.

“Xatirəsinin əbədiləşdirilməsi” bölməsində isə dahi bəstəkarın xatirəsinə ucaldılmış abidələr, yaradılmış ev-muzeyləri və digər xatirə məkanları haqqında məlumatların yer aldığını vurğulayıb.

Layihənin “Musiqili komediyalar” hissəsində Üzeyir Hacıbəylinin Azərbaycan musiqi sənətində yeni janr kimi formalaşdırdığı musiqili komediyalar, onların mövzusu və səhnələşdirilməsi ilə bağlı geniş məlumat təqdim olunub.

“Operalar” bölməsində isə bəstəkarın Şərqdə ilk operanın müəllifi kimi operaya verdiyi töhfələr, yaratdığı əsərlər və onların Azərbaycan musiqi mədəniyyətindəki rolu əks etdirilir.

Layihədə Üzeyir Hacıbəylinin dövlətçilik tariximizdəki müstəsna roluna, o cümlədən Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının Dövlət Himnlərinin müəllifi kimi tarixi xidmətlərinə xüsusi diqqət yetirilir.

Layihənin digər önəmli istiqamətlərindən biri kimi Üzeyir Hacıbəylinin publisistika sahəsindəki fəaliyyəti təqdim olunub; bu bölmədə məqalələrin, məktubların, məruzə və çıxışların, rezenziyaların, felyetonların tam mətnləri toplanıb.

“Rəsmi sənədlər” bölməsi isə bəstəkarla bağlı qəbul edilmiş sərəncamların tam mətnlərini özündə birləşdirir.

“E-resurslar” bölməsində onun həyat və yaradıcılığına həsr olunmuş kitabların və məqalələrin elektron versiyaları, “Biblioqrafiya” bölməsində isə əsərlərinin, ona həsr olunmuş kitabların, avtoreferatların, məcmuələrin və məqalələrin biblioqrafiyası təqdim edilir.

Fotoqalereya, Videoqalereya və Səsyazmalar bölmələri dahi bəstəkarın zəngin yaradıcılıq irsini daha dərindən tanıtmağa xidmət edir. Fotoqalereyada Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına dair nadir görüntülər, videoqalereyada onun operaları və operettalarından seçilmiş səhnələrin videoları, səsyazmalar bölməsində isə musiqi əsərlərinin audionümunələri yer alır.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Niyazi adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru, Xalq artisti, professor Yalçın Adıgözəlov, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Vəliyeva-Hacıbəyli çıxışlarında layihənin milli-mədəni irsin qorunması və təbliğində önəmindən, Üzeyir Hacıbəylinin Azərbaycan musiqi və mədəniyyətində əvəzsiz rolundan bəhs ediblər.

Rəsmi hissədə çıxışlarla yanaşı, Cahangir Cahangirov adına Xor və Sumqayıt şəhəri Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin 8-ci sinif şagirdi Nuray Şahsuvarlının ifaları da təqdim olunub.

Tədbirin bədii hissəsində Prezident Kitabxanasının İncəsənət ədəbiyyatı zalında Xalq artistləri Fidan Hacıyeva, Nəzakət Teymurova, eləcə də Bakı Musiqi Akademiyasının tələbələri Hidayət Sadıqbəyli, Aysun Mahmudzadə, Şöhrət İsmayılov, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Yusif Cəfərbəyli çıxış edərək ifaları ilə tədbirə xüsusi rəng qatıblar.

Aydan Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...