Albaniyanın Elbasan şəhərində “Balkan, Anadolu, Qafqaz və Türkistan coğrafiyası: incəsənət, mədəniyyət, tarix və folklor” mövzusunda V Beynəlxalq Konfrans və sərgi keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Albaniya, Moldova, İtaliya, Özbəkistan, İran, İraq, Belarus, Rumıniya, Macarıstan, Şimali Makedoniya, Kosovo və digər ölkələrdən 100-dən çox alim və tədqiqatçı məruzələrlə çıxış edib.
Azərbaycanı “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev, “Avey” Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Səadət Əliyeva, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova və “Çıraqqala-Şabran” Qoruğunun direktoru Günel Pirquliyeva təmsil ediblər.
Konfransın məqsədi Balkan, Anadolu və Qafqaz regionlarının ortaq tarixi-mədəni irsinin araşdırılması, qədim sivilizasiyalararası əlaqələrin və mədəni dəyərlərin qorunmasının elmi müzakirəsini təmin etmək olub.
Musa Mursaquliyev “Keşikçidağ ərazisində yerləşən Yovşanlıdərə kurqanlarının arxeoloji təhlili” mövzusunda çıxış edib. O, kurqanların tədqiqat nəticələrindən, Qafqazın erkən tunc dövrü mədəni kompleksləri ilə əlaqələrindən və bu abidələrin regionun mədəni inkişafının öyrənilməsindəki rolundan danışıb.
Keşikçidağ arxeoloji kompleksinin Qafqaz və Ön Asiya mədəniyyətləri arasında elmi əlaqə həlqəsi kimi əhəmiyyəti vurğulanıb. Təqdim edilən nəticələr Azərbaycanın qədim mədəni irsinin beynəlxalq elmi ictimaiyyətə inteqrasiyası baxımından yüksək qiymətləndirilib.
Konfrans iştirakçılarına sertifikatlar təqdim olunub, həmçinin Elbasan qalası və Elbasan Etnoqrafiya Muzeyi ziyarət edilib.
“Keşikçidağ” Qoruğunun bu kimi beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın arxeoloji irsinin tanıdılması və elmi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

