Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində yazıçı və publisist Aleksandr Xakimovun “Fotokameranın kapitanı” (“Mütərcim” nəşriyyatı, Bakı, 2025) kitabının təqdimatı olub.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, əsər müəllifin dostu və həmkarı, mərhum fotoqraf və jurnalist Samir Əliyevin xatirəsinə həsr edilib. Samir Əliyev Azərbaycan fotojurnalistikasının istedadlı nümayəndələrindən biri kimi qısa, lakin məhsuldar ömür sürüb.
Tədbiri Mərkəzin direktoru Anna İbrahimbəyova açaraq fotoqrafiyanın tarix və xatirələrin qorunmasındakı əhəmiyyətini vurğulayıb. Tarixçi-fotoqraf Rüstəm Hüseynov Samir Əliyevin yaradıcılıq üslubu və fotojurnalistikaya gətirdiyi yeniliklərdən bəhs edib, onun haqqında aparılan araşdırmalar və “Fotoqrafik irs” layihəsi barədə məlumat verib.
Müəllif Aleksandr Xakimov kitabın ideyası və hazırlanma prosesi haqqında danışaraq Samir Əliyevlə birgə gördükləri işlər və xatirələrini bölüşüb. Kitab fotoqrafın əsərləri ilə illüstrasiya olunub.
Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi Mirnaib Həsənoğlu Samir Əliyevin yaradıcılığının bu gün də aktuallığını qeyd edib, onun fotoşəkillərinin Fransada nəşr olunmuş “Eyes of Fire” kitabında yer aldığını bildirib.
Təqdimatda tanınmış fotoqraflar Tofiq Babayev və Semyon Şalmeyev həmkarları ilə bağlı xatirələrini bölüşüblər. Tədbir səmimi ab-havada keçib, iştirakçılar Samir Əliyevin həyat və yaradıcılığını xatırlayıblar.

