Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənovun 85 illik yubileyi qeyd olunub.
“Tehsil365” xəbər verir ki, bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, həmçinin dövlət və ictimai xadimlər iştirak ediblər.
Mərasimdə çıxış edən Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseyn Həsən Həsənovun dövlətçilik, elm və mədəniyyət sahəsində çoxşaxəli xidmətlərini vurğulayıb.
Tədbir çərçivəsində yubilyarın müəllifi olduğu “Qürbətdən gələn məktublar” tamaşası nümayiş etdirilib. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə və onun oğlu Rəşidin həyatına həsr olunan əsər maarifçilik ideyalarını və milli düşüncəni səhnəyə gətirir.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Səhnə əsərində Xalq artistləri Əli Nur, Laləzar Mustafayeva, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Elşən Cəbrayılov, Vəfa Rzayeva, aktyorlar Rüstəm Rüstəmov və Elçin Əfəndi çıxış edirlər.

