Təhsil 365 - Logo Mobile

“Narahatlıq hissi, beynin təhlükə siqnallarına real səbəb olmadan həddindən artıq reaksiya verməsi nəticəsində yaranan psixofizioloji vəziyyətdir.”-psixoloqdan açıqlama

10830.10.2025 - 18:05
“Narahatlıq hissi, beynin təhlükə siqnallarına real səbəb olmadan həddindən artıq reaksiya verməsi nəticəsində yaranan psixofizioloji vəziyyətdir.”-psixoloqdan açıqlama

Narahatlıq hissi insanın beynində təhlükə siqnallarının həddindən artıq aktivləşməsi nəticəsində yaranan, həm bioloji, həm də psixoloji amillərlə bağlı bir vəziyyətdir.

Mövzu haqqında “Tehsil365”ə psixoloq Sibel Priyeva açıqlama verib.O qeyd edib ki, narahatlıq hissi insanın həm bioloji, həm də psixoloji vəziyyəti ilə sıx bağlı olan bir haldır. Beyindəki limbik sistem, xüsusilə amigdala və hipotalamus, bu hissin yaranmasında əsas rol oynayır. Amiqdala təhlükəni və ya onun ehtimalını hiss edib siqnallar göndərir, prefrontal korteks isə bu siqnalları analiz edərək təhlükənin həqiqətən olub-olmadığını müəyyənləşdirməyə çalışır. Əgər bu sahə zəif işləyirsə, insan real səbəb olmadan təşviş hiss edə bilər. Hipotalamus isə bədəni “döyüş və ya qaç” reaksiyasına hazırlayır.

“Psixoloji baxımdan narahatlıq adətən keçmiş travmalar, basdırılmış emosiyalar və öyrənilmiş davranışlarla bağlı olur. Uşaqlıqda valideynlərin qorxu əsaslı xəbərdarlıqları, məsələn “çıxma, yıxılarsan” kimi ifadələr, insanda təhlükəyə qarşı həssaslıq yaradır. Özünə inamsızlıq, mükəmməllikçilik və hər şeyi nəzarətdə saxlama ehtiyacı da narahatlığın artmasına səbəb ola bilər.”

O bildirib ki, bu vəziyyət bədəndə müxtəlif fiziki reaksiyalarla özünü göstərir: ürək döyüntüsünün sürətlənməsi, nəfəsin tezləşməsi, əzələlərin gərilməsi, mədə ağrısı, boğazda düyün və sinədə sıxılma hissi kimi əlamətlər narahatlığın tipik göstəriciləridir.

“Uzun müddət davam edən narahatlıq bədənin hormonal tarazlığını poza bilər. Kortizol hormonunun səviyyəsi yüksəlir, yuxu və iştaha pozulur, immunitet zəifləyir. Eyni zamanda diqqət toplamaqda və yadda saxlamaqda çətinlik yaranır.”

O qeyd edib ki, mütəxəssislər bu haldan çıxmaq üçün bir neçə üsul tövsiyə edirlər. Onlardan biri 4-7-8 nəfəs texnikasıdır: 4 saniyə nəfəs almaq, 7 saniyə saxlamaq və 8 saniyə ərzində buraxmaq bədəni sakitləşdirir. Əzələ rahatlatma texnikasında isə əzələlər bir neçə saniyə gərilib sonra boşaldılır. Fiziki aktivlik və idmanla məşğul olmaq da stress hormonunu azaldaraq insanı rahatlaşdırır.

“Nəticə olaraq, narahatlıq hissi çox zaman beynin təhlükə siqnallarına həddindən artıq reaksiya verməsindən yaranır. Bu vəziyyət uzun müddət davam edərsə və gündəlik həyata təsir göstərərsə, mütləq psixoloji dəstək almaq tövsiyə olunur.”

Elnarə Həmidli

Новостная лента

На данный момент новостей в ленте нет...