Noyabrın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) Linqvokulturologiya kafedrasında “Zəfər Ruhumuzda Yaşayır: Dil, Mədəniyyət və Kimlik Kontekstində Qələbə” adlı dəyirmi masa keçirilib.
“Tehsil365” bildirir ki, tədbiri kafedranın müdiri, dosent Vüsalə Ağabəyli açaraq Zəfər Gününün Azərbaycan xalqının tarixi yaddaşında əbədi qürur mənbəyi olduğunu vurğulayıb. O qeyd edib ki, bu qələbə təkcə hərbi-siyasi deyil, həm də mənəvi və mədəni zəfərdir.
Kafedranın professoru Kamalə Cəfərova çıxış edərək bildirib:
“Zəfər Günü xalqımızın birliyinin, vətən sevgisinin və milli kimliyinin ən ali təzahürüdür. Bu gün biz təkcə torpaqlarımızın azadlığını deyil, həm də dilimizin, mədəniyyətimizin, ruhumuzun bütövlüyünü qorumuşuq.”
Daha sonra dosent Mahirə Hacıyeva çıxışında Zəfər Gününün Azərbaycan ədəbiyyatı və dilində milli ruhun bərpasına təsirindən danışıb. O bildirib ki, müasir ədəbi diskursda vətənpərvərlik motivləri artıq yeni məna qazanıb.
Sonda dəyirmi masa iştirakçıları 44 günlük Vətən müharibəsi və Zəfər Günü ilə bağlı düşüncələrini, xatirələrini bölüşüblər.
Kafedra müdiri dosent Vüsalə Ağabəyli yekun nitqində Zəfər ideyasının gənc nəslin şüurunda milli kimliyin əsas dayağı kimi formalaşdırılmasının vacibliyini vurğulayıb. O, bu istiqamətdə dil və mədəniyyətin daşıyıcısı olan Linqvokulturologiya kafedrasının roluna xüsusi diqqət çəkib.

