Azərbaycan Dillər Universitetinin (ADU) Dünya dilləri kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Nərgiz Seyidovanın və baş müəllim Elnarə Şəfiyevanın təşkilatçılığı ilə görkəmli şair Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 166a, 188 və 369a qruplarında təhsil alan tələbələr şairin “Gülüstan” poemasından qısa səhnələr nümayiş etdirib, müxtəlif şeirlər səsləndiriblər.
Çıxışlar zamanı tələbələr Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında və milli düşüncənin formalaşmasında oynadığı mühüm rolu vurğulayıblar. Tədbir çərçivəsində şeirlərin məzmunu və həmin dövrün ictimai-siyasi hadisələri ilə əlaqəsi müzakirə olunub.
Heydər Əliyev adına muzey-lektoriyada ədəbi mühitin hökm sürdüyü tədbirdə tələbələrin çıxışları yüksək qiymətləndirilib.

