Zəfər Günü münasibətilə “Qayıdış marşı” adlı yeni musiqi əsəri ərsəyə gətirilib.
“Tehsil365”xəbər verir ki, sözləri Elçin Mirzəbəyliyə, musiqisi FHN-in Akademiyasının Hərbi Orkestrinin solisti və musiqi təlimatçısı, vokalçı-bəstəkar, gizir Anar İlhamlıya məxsus olan mahnıya klip çəkilib.
Aranjemanı Rövşən Yusifov tərəfindən edilmiş mahnıda Əməkdar artist, qiraətçi Azad Şükürovun ifasına da yer verilib.
Mahnının sözlərinin müəllifi, Milli Məclisin deputatı Əməkdar jurnalist Elçin Mirzəbəyli bildirib ki, həmin şeiri 2020-ci ildə Cəbrayılın azad edilməsi günü ərəfəsində çəkilmiş bir fotodan ilhamlanaraq yazıb.
Vətənpərvərlik musiqisinin ön sıralarında yer alan bəstəkar Anar İlhamlı daha əvvəl də bu mövzuda dəyərli əsərlər yaradıb. Bu sırada “Azərbaycan bayrağına”, “Zəfər döyüşü”, “Vətən üçün doğulduq”, “Azərbaycan əsgəri-ən igid əsgər” kimi dəyərli sənət nümunələri ortaya qoyub. Bu mahnılar vasitəsilə o, qəhrəmanlıq ruhunu notlara köçürüb və ifa edib.

