Təhsil 365 - Logo Mobile

Beynəlxalq Gözdən Əlillər Günü ilə bağlı maarifləndirici təlim keçirilib

10514.11.2025 - 15:45
Beynəlxalq Gözdən Əlillər Günü ilə bağlı maarifləndirici təlim keçirilib

13 noyabr – Beynəlxalq Gözdən Əlilliyi Olan Şəxslər Günü ilə əlaqədar olaraq Azərbaycan Dillər Universitetinin İngilis və Alman Dilləri fakültəsinin 404ab qrupunda “İnklüziv Təhsil” fənni çərçivəsində maarifləndirici təlim keçirilib. Təlim universitetin Strateji İnkişaf və Planlaşdırma şöbəsinin mütəxəssisi, Psixologiya və Pedaqogika kafedrasının baş müəllimi Günay Seyidova tərəfindən aparılıb.

“Tehsil365” bildirir ki, təlimin əsas məqsədi tələbələrdə inklüziya, empatiya və sosial duyarlılıq kimi dəyərləri möhkəmləndirmək, görmə məhdudiyyəti mövzusuna tibbi yanaşmadan əlavə pedaqoji və psixoloji aspektlərdən baxış formalaşdırmaq olub. Sessiya tələbələrin gələcək pedaqoji fəaliyyətlərində inklüziv prinsiplərin tətbiqinə dəstək vermək məqsədilə həm nəzəri, həm də praktiki mərhələləri özündə birləşdirib.

Təlim aktiv öyrənmə metodları əsasında təşkil olunub. Workshop zamanı iştirakçılar Braille yazısı ilə tanış olub, empatiya simulyasiyalarında iştirak ediblər. Qrup işi zamanı tələbələr inklüziv təhsil mühitinin qurulması yollarını müzakirə ediblər. Diskussiya mərhələsində isə görmə məhdudiyyətinin sosial inteqrasiya, əlçatanlıq və təhsil prosesinə təsirləri akademik müstəvidə təhlil olunub.

Təlimin məzmunu BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə də uzlaşdırılıb. Sessiyada SDG 4 (Keyfiyyətli Təhsil) çərçivəsində inklüziv tədris strategiyaları, SDG 10 (Bərabərsizliyin Azaldılması) istiqamətində sosial bərabərliyin təmin olunması, SDG 3 (Sağlamlıq və Yaxşı Olma) üzrə empatiyanın psixoloji rifaha təsiri və SDG 16 (Sülh, Ədalət və Güclü İnstitutlar) kontekstində insan hüquqlarına hörmət mövzuları müzakirə edilib.

Sonda tələbələr əldə etdikləri bilikləri təqdim edərək görmə məhdudiyyəti ilə bağlı elmi-pedaqoji təsəvvürlərinin genişləndiyini, empatiya və sosial həssaslıq bacarıqlarının inkişaf etdiyini bildiriblər. Onlar inklüziv təhsil mühitinin qurulması ilə bağlı təkliflərini səsləndirərək stereotiplərin aradan qaldırılmasına yönəlmiş yeni yanaşmaları müzakirə ediblər.

Günay Seyidova təlimin əhəmiyyətini vurğulayaraq inklüzivliyin humanist pedaqogikanın əsas prinsiplərindən biri olduğunu qeyd edib. O, tələbələrdə empatiya bacarığının inkişafının daha ədalətli və əlçatan təhsil mühitinin formalaşmasına xidmət etdiyini bildirib.

Aysel Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...