Bakı Kitab Mərkəzində “İrəvan xanlığının bölgə mətbəxi” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə kitab haqqında videoçarx nümayiş olunub. Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı nəşrin mədəni əhəmiyyətini vurğulayaraq onun Azərbaycan mətbəxinin dünyada tanıdılmasına töhfə verəcəyini bildirib.
Müəllif, AMKA-nın baş direktoru Tahir Əmiraslanov İrəvan bölgəsinin mətbəxini araşdırmaq üçün 1500 nəfərlə müsahibələr aparıldığını, tarixi mənbələrin öyrənildiyini və 413 reseptin elmi əsaslarla toplanıb təqdim edildiyini qeyd edib. O, kitabın 2021-ci ildə “Dünyanın ən yaxşı regional mətbəxi” mükafatına layiq görüldüyünü və müxtəlif beynəlxalq mükafatlar aldığını xatırladıb.
Tərcüməçi, filologiya elmləri doktoru Bəylər Hacıyev ingilis dilinə tərcümənin məsuliyyətli proses olduğunu deyərək yeni nəşrin mətbəxin beynəlxalq tanıdılmasına xidmət edəcəyini bildirib.
Müəlliflərdən biri Oruc Əliyev kitabın elmi əhəmiyyətini vurğulayıb. Digər çıxışçılar da tədqiqatın genişliyi və əsərin beynəlxalq uğurları barədə məlumat veriblər.
Kitabın müəllifləri arasında Aygül Əsgərova da yer alır. “Ön söz”ün müəllifi professor Maisə Rəhimova, rəyçi isə tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazovdur. Nəşr AMKA-nın Elmi şurası tərəfindən məsləhət görülüb.

