Noyabrın 14-də Daşkəndin məşhur “Panoramafilm” kinoteatrında “Tağıyev: Neft” filminin xüsusi nümayişi keçirilib.
“Tehsil365” Mədəniyyət Nazirliyinin məlumatına əsasən xəbər verir ki, tədbirdə Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın mədəniyyət nazirləri, bu ölkələrin kino agentliklərinin rəhbərləri, həmçinin paytaxt ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Nümayişdən əvvəl film barədə məlumat verilib. Bildirilib ki, ekran işi Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilib. “Tağıyev” çoxseriyalı ekran layihəsinin ilk filmi məşhur azərbaycanlı neft milyonçusu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin (1838–1924) həyatına həsr olunub.
Filmdə XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda və regionlarda baş vermiş mühüm tarixi proseslər də əksini tapıb.
Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı isə Etibar Əsədlidir.
Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva da daxil olmaqla, peşəkar aktyor heyəti filmdə rol alıb.
Qeyd olunub ki, “Tağıyev” filmləri kinoteatr nümayişlərinə görə hələ də reytinq liderliyini qoruyur və bir sıra mükafatlarla təltif olunub. Hazırda filmin Mərkəzi Asiya ölkələri də daxil olmaqla xarici bazarlarda yayımı üçün danışıqlar davam edir.
Sonda film nümayiş etdirilib və tamaşaçıların böyük marağı, alqışları ilə qarşılanıb.

