Təhsil 365 - Logo Mobile

Daşkənddə Azərbaycan Kinosu Günlərinə start verilib

9915.11.2025 - 17:11
Daşkənddə Azərbaycan Kinosu Günlərinə start verilib

Noyabrın 14-də Özbəkistan Milli Kinematoqrafiya Sarayında Azərbaycan Kinosu Günlərinin açılış mərasimi keçirilib.

“Tehsil365” Mədəniyyət Nazirliyinin məlumatına əsasən xəbər verir ki, kino günləri Azərbaycanın fəxri qonaq qismində iştirak edəcəyi Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü (16 noyabr 2025) ərəfəsində təşkil olunan silsilə tədbirlərin tərkib hissəsidir.

Açılış “Mərkəzi Asiya və Azərbaycanda kino sənayesinin inkişafı” mövzusunda nümayəndə heyətlərinin iştirakı ilə keçirilən dəyirmi masa ilə başlayıb.

Tədbirdə Özbəkistan Mədəniyyət Nazirliyi yanında Kinematoqrafiya Agentliyinin direktoru Şuxrat Rizayev, Azərbaycan Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, Qazaxıstan Milli Kinoya Dövlət Dəstəyi Mərkəzinin sədr müavini Adilet Ömərov və digər ölkələrdən qonaqlar iştirak ediblər.

Çıxışlarda türk dövlətləri arasında kino sahəsində yaradıcılıq əlaqələrinin yeni mərhələyə yüksəldiyi vurğulanıb. Bildirilib ki, beynəlxalq film festivalları, yaradıcılıq müsabiqələri və birgə film layihələri bu əməkdaşlığı daha da möhkəmləndirir.

Qeyd olunub ki, hər il Bakıda keçirilən “Baku Cinema Breeze” festivalı çərçivəsində təşkil olunan "Şərq və Mərkəzi Asiya Ölkələrinin Kino Marketi" region üçün vahid kino bazarının formalaşmasına xidmət edən peşəkar platforma rolunu oynaya bilər.

Azərbaycan Kinosu Günlərinin ilk günündə Zaur Qasımlının “Tağıyev: Neft”, Elxan Cəfərovun Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunan “Cənnət yuxusu”, Samir Kərimoğlunun Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr edilən “Torpağı sanı yaşayasan”, həmçinin Taleh Yüzbəyovun “Bəlkə də” filmləri nümayiş etdirilib.

Ekran əsərləri tamaşaçıların böyük marağı ilə qarşılanıb.

Xədicə Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...