Təhsil 365 - Logo Mobile

“İnsanı yorğun edən fiziki yox, psixoloji yüklənmədir” — psixoloq Günel Əkbərova

10504.12.2025 - 19:41
“İnsanı yorğun edən fiziki yox, psixoloji yüklənmədir” — psixoloq Günel Əkbərova

Son dövrlər bir çox insan fiziki olaraq istirahət etsə də, özünü davamlı yorğun hiss etdiyini bildirir. Mütəxəssislər bu halın əsas səbəbinin sosial media təsiri və gələcəklə bağlı qeyri-müəyyənlik olduğunu vurğulayırlar.

Psixoloq Günel Əkbərova “Tehsil365”ə açıqlamasında mövzu ilə bağlı geniş şərh verib.

Əkbərovanın sözlərinə görə, insanların özünü yorğun hiss etməsinin birinci səbəbi gələcəklə bağlı bilinməzlikdir:

“İnsan gələcəyinin necə olacağını bilməyəndə daxilində narahatlıq yaranır. Bu narahatlıq psixoloji yorğunluğa gətirib çıxarır.”

Mütəxəssis sosial medianın təsirinin də düşündüyümüzdən daha güclü olduğunu bildirir. Onun fikrincə, insanlar sosial şəbəkələrdə yalnız başqalarının “ən yaxşı anlarını” gördüyü üçün öz həyatlarını dəyərsizləşdirirlər:

“Biz öz həyatımızın mərkəzindən çıxıb başqalarının həyatına fokuslanırıq. Bu isə özündə geri qalma hissi yaradır.”

Psixoloq insanların yorğunluğunun digər səbəbinin məqsədsizlik olduğunu qeyd edib:

“İnsanı ayaqda saxlayan insanlar yox, məqsədlərdir. Qısa müddətli, ölçülən və real hədəflər beyinə təhlükəsizlik hissi verir.”

Əkbərova əlavə edib ki, bir çox insan istirahəti düzgün anlamır. Sosial media, filmlər və telefon istifadəsi beyni daha da yükləyir:

“Əgər beyin yeni informasiya alırsa, bu istirahət deyil. Real istirahət beyin informasiya qəbul etməyəndə baş verir.”

Onun sözlərinə görə, real istirahət üçün ən effektiv üsullar bunlardır:

telefonsuz gəzinti

sakit axşam yeməyi

ardıcıl və rahat kitab oxuma

meditasiya və nəfəs texnikaları

yuxu

idman

hobbilərlə məşğul olmaq

Psixoloq vurğulayıb ki, hobbilər insanı yenidən öz mərkəzinə qaytarır və daxili balansı bərpa edir.

Əkbərova sonda bildirib ki, insanın həyatını idarəolunan edən əsas faktor aydın məqsədlərdir:

“Beyin bilinməzi təhlükə kimi qəbul edir. Hədəflər aydın olanda psixoloji yorğunluq da azalır."

Səma Qarayeva

Новостная лента

На данный момент новостей в ленте нет...