Azərbaycan dünyada tolerant ölkə kimi tanınır. Ölkəmizdə multikulturalizm və xalqların birgəyaşayış ənənələrinin qədim tarixi vardır. Bu, xalqımızın zənginliyidir.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, bunu Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirov Dünya Fətva Evləri və Qurumları Baş Katibliyinin Qahirədə bu gün yekunlaşan beynəlxalq simpoziumda çıxışında deyib.
S.Nəsirov əlavə edib ki, Azərbaycan rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdəki tolerantlıq mühiti daha da möhkəmlənib. Qeyd olunub ki, böyük problemə çevrilmiş radikalizmlə mübarizədə bütün ölkələr bir-birinə dəstək olmalıdır. Bu bəladan heç bir dövlət təkbaşına qoruna bilməz. Hər kəs dünyada tolerantlıq mühitini inkişaf etdirməlidir. Radikal fikirlərin cəmiyyətdə kök salmasına qarşı ən mühüm vasitələrdən biri təhsildir. Ailə institutunun, milli mənəvi dəyərlərin möhkəmlənməsi də bu mübarizədə öz töhfəsini verə bilər.
"Fətva və humanitar gerçəklik problemləri: müasir çətinliklərlə ayaqlaşan rasional ictihada doğru" şüarı ilə keçirilmiş tədbirdə dünyanın bir sıra ölkələrindən müftilər, şəriət alimləri, ekspertlər və mütəxəssislər iştirak edib.
Tədbirin sonunda Misir müftisi, Dünya Fətva Evləri və Qurumları Baş Katibliyinin rəhbəri Nəzir Məhəmməd Əyyad dini fəaliyyətində və fətva sahəsində töhfələrinə görə seçilən müftiləri, alimləri və din xadimlərini təltif edib. Təltif olunanlar arasında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirov da var.

