Avropa İttifaqına (Aİ) üzv ölkələrin ətraf mühit nazirləri “Avropanın ətraf mühiti – 2030: Daha dairəvi və dayanıqlı Avropanın qurulması” sənədini təsdiqləyiblər.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, sənəddə iqlim dayanıqlığının gücləndirilməsi və dairəvi iqtisadiyyata keçidin bir-biri ilə sıx bağlı olduğu vurğulanaraq, bunun çirklənmə, biomüxtəlifliyin azalması və resurs çatışmazlığı kimi ekoloji problemlərin həllində mühüm rol oynadığı qeyd edilib.
Nazirlər, həmçinin Avropa Komissiyasının təqdim etdiyi Aİ bioiqtisadiyyat strategiyasını müzakirə ediblər. Bioiqtisadiyyat quru və dəniz mənşəli bərpaolunan bioloji resurslardan qida, material və enerji istehsalını nəzərdə tutur. 2023-cü ildə bioiqtisadiyyatın dəyəri 2,7 trilyon avroya çatıb və bu sahə 17 milyondan çox iş yerini təmin edir.
Strategiya Avropanın resurs səmərəliliyinin artırılmasına, iqlim neytrallığına nail olunmasına, iqtisadi artım və yeni iş yerlərinin yaradılmasına xidmət edir.
Nazirlər biomüxtəlifliyin qorunması, biokütlənin dayanıqlı təminatı və yerli dəyər zəncirlərinin səfərbər olunmasının vacibliyini vurğulayıblar. Eyni zamanda, strategiyanın səmərəli icrası, texnoloji innovasiyalar və maliyyə imkanlarına ədalətli çıxışın təmin olunmasının zəruriliyi qeyd edilib.

