“Açıq mikrofon” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev növbəti dəfə tələbələrlə bir araya gəlib.
“Tehsil365“ “AZƏRTAC”a istinadla bildirilib ki, təhsil ocağının Tələbə Həmkarlar İttifaqları Komitəsinin təşəbbüsü ilə baş tutan tədbirə universitet rəhbərliyi, eləcə də müxtəlif struktur və bölmə müdirləri qatılıb.
Açıq mikrofon zamanı Elbrus İsayev tələbələrlə birbaşa ünsiyyətin universitet idarəçiliyində mühüm rol oynadığını bildirib, bu cür görüşlərin problemlərin vaxtında müəyyənləşdirilməsi və operativ həlli baxımından əhəmiyyətini vurğulayıb.
Rektor qeyd edib ki, tələbəyönümlü strategiyası ilə seçilən NDU-da həyata keçirilən layihələrin mərkəzində məhz tələbələrin maraqları dayanır.
Elbrus İsayev onların elmi və tədris prosesinin inkişafında aktiv tərəfdaş olduğunu qeyd edərək açıq ünsiyyət mühitinin davamlı şəkildə qorunacağını diqqətə çatdırıb.
Bildirilib ki, tələbələrlə ünsiyyət təkcə bu formatla məhdudlaşmır. Auditoriyalarda keçirilən görüşlər, müxtəlif tədbirlər və universitetin rəsmi internet səhifəsində fəaliyyət göstərən “Rektora müraciət” bölməsi vasitəsilə tələbələrin təklif və müraciətləri mütəmadi olaraq qəbul edilir.
“Açıq mikrofon” Tədbirlərin təşkili və tələbələrlə iş sektorunun müdiri Hüseyn İmanovun moderatorluğu ilə baş tutub. Üç saat davam edən müzakirə zamanı Elbrus İsayev tələbələrin kampus, təhsil, tədris, elm, mobillik, beynəlxalq əlaqələr və s. məsələlərlə bağlı suallarını cavablandırıb. Ali təhsil ocağının rektoru ümumilikdə 40-dan çox suala ətraflı cavab verib, problemlərin həlli istiqamətində fikir və tövsiyələrini bölüşüb.

