“Ümumiyyətlə, ali təhsil müəssisələrinin elmi məqalələrin sayı, elmi göstəricilər və ya digər meyarlar əsasında dünya reytinq siyahılarına düşməsi arzuolunan haldır”
“ Hər bir universitet, təbii ki, beynəlxalq reytinqlərdə yer almağı istəyər. Lakin bu göstəricilər ali təhsilin əsas ölçü vahidi hesab olunmamalıdır. Çünki öz ölkəmizin timsalında da görürük ki, bəzi ali təhsil müəssisələri beynəlxalq reytinq cədvəllərində yer alsa da, digərləri bu siyahılarda yoxdur. Ancaq məsələni kadr hazırlığı, eləcə də cəmiyyət tərəfindən verilən dəyər və etimad prizmasından dəyərləndirdikdə tam fərqli mənzərə ortaya çıxır. Məsələn, Bakı Ali Neft Məktəbi və ADA Universiteti beynəlxalq reytinq siyahılarında yer almaya bilər. Bunun da müəyyən səbəbləri var: elmi məqalə sayı, yaxud tələb olunan məlumatların vaxtında reytinq təşkilatlarına təqdim edilməməsi və s. Buna baxmayaraq, bu ali təhsil müəssisələrinin ölkə üçün yüksək ixtisaslı kadrlar hazırladığı, cəmiyyət tərəfindən tanındığı və etimad qazandığı faktdır. Hətta beynəlxalq reytinqdə yer alan bəzi universitetlərlə müqayisədə bu ali məktəblər ictimaiyyət arasında daha yüksək nüfuza malikdir”.
Bu fikirləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, müasir dövrdə universitetlərin rolu yalnız ixtisaslı kadr hazırlamaqla məhdudlaşmır. Onlar həm də cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafında əhəmiyyətli iştirakçılara çevriliblər. Bu isə ali təhsil müəssisələrinin qiymətləndirilmə meyarlarına yeni baxışları tələb edir.
Ekspert qeyd edib ki, ali təhsil müəssisələrinin qiymətləndirilməsi yalnız beynəlxalq reytinqlərə əsaslanmamalıdır.

