Təhsil 365 - Logo Mobile

ADU-da “ADU Yaponşünaslar” YouTube kanalı layihəsinin təqdimatı keçirilib - FOTOLAR

6922.12.2025 - 14:35
ADU-da “ADU Yaponşünaslar” YouTube kanalı layihəsinin təqdimatı keçirilib - FOTOLAR

Azərbaycan Dillər Universitetində (ADU) “ADU Yaponşünaslar” YouTube kanalı layihəsinin təqdimatı keçirilib.

“Tehsil365” xəbər verir ki, layihə “Yaponiyanın mədəniyyəti və incəsənəti” və “Yaponiyada gender problemləri” fənlərini tədris edən, ideya müəllifi Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi Şəfəq Mustafayevanın rəhbərliyi ilə həyata keçirilib.

Təqdimat çərçivəsində Yaponşünaslıq ixtisası üzrə təhsil alan 471-ci qrupun tələbələri “Yaponiyanın mədəniyyəti və incəsənəti” fənni üzrə yerinə yetirdikləri sərbəst işləri yapon mədəniyyəti, incəsənəti və estetik dəyərlərinə həsr olunmuş sənədli filmlər formatında hazırlayaraq nümayiş etdiriblər. Bu təşəbbüs Azərbaycan dilində Yaponiya mövzusunda sənədli video materiallara əlçatanlığın artırılmasına xidmət edir və gələcək yaponşünaslıq tələbələri üçün ana dilli əlavə resurs mənbəyi yaradır.

Eyni zamanda, “Yaponiyada gender problemləri” fənni üzrə sərbəst işlər sorğu tədqiqatı və video çəkilişlər əsasında hazırlanaraq təqdim olunub. Mövzular üzrə Azərbaycan cəmiyyətində aparılan sorğuların nəticələri Yapon cəmiyyəti ilə müqayisəli şəkildə təhlil edilib, gender bərabərliyi, sosial rollar və mövcud problemlər baxımından əhəmiyyətli nəticələr əldə olunub.

Layihə tələbələrdə yeni bacarıqların formalaşmasına, yaradıcılıq potensialının üzə çıxarılmasına və onların özlərini yeni istiqamətlərdə kəşf etmələrinə mühüm töhfə verib.

Ümumilikdə, “ADU Yaponşünaslar” YouTube kanalı ADU-da tədris prosesinin innovativ yanaşmalarla zənginləşdirilməsi, gənc yaponşünasların akademik və yaradıcılıq imkanlarının cəmiyyətə təqdim olunması baxımından mühüm layihə kimi dəyərləndirilir. Layihənin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.





Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...