Təhsil 365 - Logo Mobile

ADU-da Yaponşünaslıq üzrə innovativ tədris layihəsinin təqdimatı keçirilib

10222.12.2025 - 15:10
ADU-da Yaponşünaslıq üzrə innovativ tədris layihəsinin təqdimatı keçirilib

Azərbaycan Dillər Universitetində “ADU Yaponşünaslar” YouTube kanalı layihəsinin təqdimatı keçirilib. Layihə “Yaponiyanın mədəniyyəti və incəsənəti” və “Yaponiyada gender problemləri” fənlərini tədris edən, kanal ideyasının müəllifi Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi Şəfəq Mustafayevanın rəhbərliyi ilə həyata keçirilib.

“Tehsil365” bildirir ki, təqdimat çərçivəsində Yaponşünaslıq ixtisası üzrə təhsil alan 471-ci qrupun tələbələri “Yaponiyanın mədəniyyəti və incəsənəti” fənni üzrə yerinə yetirdikləri sərbəst işləri yapon mədəniyyəti, incəsənəti və estetik dəyərlərinə həsr olunmuş sənədli filmlər formatında hazırlayaraq nümayiş etdiriblər. Bu təşəbbüs Azərbaycan dilində Yaponiya haqqında sənədli video materiallara əlçatanlığın artırılmasına xidmət edir və gələcəkdə yaponşünaslıq ixtisası üzrə təhsil alacaq tələbələr üçün ana dilli əlavə resurs mənbəyi yaradır.
Eyni zamanda, “Yaponiyada gender problemləri” fənni üzrə sərbəst işlər sorğu tədqiqatı və video çəkilişlər əsasında hazırlanaraq təqdim olunub. Hər bir mövzu üzrə Azərbaycan cəmiyyətində aparılan sorğuların nəticələri Yapon cəmiyyəti ilə müqayisəli şəkildə təhlil edilib, gender bərabərliyi, sosial rollar və mövcud problemlər baxımından əhəmiyyətli nəticələr əldə olunub.
Layihə tələbələrdə yeni bacarıqların formalaşmasına, onların yaradıcılıq potensialının üzə çıxarılmasına və özlərini yeni istiqamətlərdə kəşf etmələrinə töhfə verib.
Ümumilikdə, “ADU Yaponşünaslar” YouTube kanalı ADU-da tədris prosesinin innovativ yanaşmalarla zənginləşdirilməsi, gənc yaponşünasların akademik və yaradıcılıq imkanlarının cəmiyyətə təqdim olunması baxımından mühüm layihə kimi dəyərləndirilir.
Layihənin müəllim Şəfəq Mustafayeva tərəfindən yaponşünaslıq ixtisası üzrə növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.

Aysel Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...