Azərbaycan Dillər Universitetinin Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsi, İngilis–Fransız Dilləri fakültəsi və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə “Hüquq və dillərin vəhdəti” mövzusunda tədbir keçirilib. Tədbir elmi və bədii hissələrdən ibarət olub.
“Tehsil365” bildirir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müstəqil dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcıları qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin I kurs tələbəsi Aytac Hidəyətova və Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi Leyla Rzazadə çıxış ediblər. Aytac Hidəyətova çıxışında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin əhəmiyyətini vurğulayıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu qeyd edib.
Daha sonra Azərbaycan Dillər Universitetinin İngilis–Fransız Dilləri fakültəsinin dekanı, dosent Vəfa Babayeva çıxış edərək Konstitusiyanın ölkəmizdəki rolu, fakültənin fəaliyyəti və hüquqla dillər arasındakı qarşılıqlı əlaqə barədə məlumat verib.
Tədbirin davamında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin III kurs tələbəsi Nuray Məmmədli çıxış edib. O, Konstitusiyanın hüquqi dövlət quruculuğundakı rolundan, “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətindən və hüquqla dillərin vəhdətinin vacibliyindən bəhs edib. Çıxışda konstitusion dəyərlərin dövlətin beynəlxalq hüquq müstəvisində mövqeyini gücləndirdiyi, hüquqi normaların cəmiyyətdə düzgün və aydın anlaşılmasının, həmçinin hüquqşünaslarla dil mütəxəssislərinin əməkdaşlığının əhəmiyyəti xüsusi vurğulanıb.
Tədbir çərçivəsində hər iki universitetin tələbələri tərəfindən “Qarabağda hüquq sisteminin bərpası”, “Azərbaycanın suverenlik mesajının qlobal mediada əksi” və “Qarabağda iqtisadi reinteqrasiya və hüquqi tənzimləmə mexanizmləri” mövzularında Azərbaycan, ingilis və rus dillərində təqdimatlar edilib.
Bədii hissədə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri Aişə Sadıqova və Elmir Vəliyev “Suverenliyin səsi” adlı kompozisiya ilə çıxış edib, Azərbaycan Dillər Universitetinin tələbəsi Məhərrəm İsmayılov isə “Xudayar təsnifi”ni səsləndirib.

