Təhsil 365 - Logo Mobile

“K.Abdulla yaradıcılığında “Dədə Qorqud” mövzusu”nda dəyirmi masa keçirilib

10322.12.2025 - 16:42
“K.Abdulla yaradıcılığında “Dədə Qorqud” mövzusu”nda dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrası və İngilis və fransız dilləri fakültəsinin birgə təşkilatçılığı  ilə “K.Abdulla yaradıcılığında “Dədə Qorqud” mövzusu” adlı dəyirmi masa keçirilib.

“Tehsil365” bildirir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov K.Abdullanın yaradıcılığında “Dədə Qorqud” eposunun yeri, bu mövzunun müasir ədəbiyyatda interpretasiyası və yazıçının qorqudşünaslığa gətirdiyi yeni baxış bucaqları haqqında geniş məlumat verib. Akademik M.K.İmanov qeyd edib ki, Kamal Abdullanın elmi və bədii yaradıcılığı klassik irslə müasir düşüncənin sintezini təşkil edir və “Dədə Qorqud” motivləri onun əsərlərində fəlsəfi, simvolik və postmodern kontekstdə yenidən işlənir.
Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Suğra Əliyeva “Kamal Abdullanın elmi və bədii yaradıcılığında “Dədə Qorqud” dünyası” adlı məruzə ilə çıxış edərək, yazıçının “Gizli Dədə Qorqud”, “Yarımçıq əlyazma”, eləcə də digər əsərlərində Qorqud mifologiyasının bədii təcəssümü, obrazlar sistemi və mətnaltı mənaları haqqında ətraflı məlumat verib. Məruzəçi Kamal Abdullanın “Dədə Qorqud”u yalnız tarixi-mifoloji abidə kimi deyil, həm də çağdaş insanın düşüncə və problemlərini əks etdirən canlı mətn kimi təqdim etdiyini vurğulayıb.
 Tədbirdə Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Zülfiyyə Hüseynovanın rəhbərliyi ilə III kurs 320a qrup tələbəsi İlkin Hacızadə K.Abdullanın “Beyrəyin kafir qızı ilə vidalaşıb əsirlikdən qaçması” adlı şeirini səsləndirib, 325a/b qrup tələbələri isə K.Abdullanın “Casus” pyesindən kiçik bir səhnəni canlandırıblar. Tələbələrin bədii çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb, tədbirin mövzusuna uyğun olaraq “Dədə Qorqud” motivlərinin səhnə və poeziya dili ilə təqdimatı çıxışçılar – ADU-nun rektor məsləhətçisi Anar Osmanlı, İngilis və fransız dilləri fakültəsinin dekanı Vəfa Babayeva, ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva və digər tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. 
Sonda mövzu ətrafında müzakirələr aparılmış, dəyirmi masa iştirakçıları Kamal Abdullanın yaradıcılığında “Dədə Qorqud” mövzusunun öyrənilməsinin ədəbiyyatşünaslıq baxımından əhəmiyyətini xüsusi qeyd ediblər.

Aysel Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...