Azərbaycan Dillər Universiteti (ADU) ilə Qazaxıstan Respublikasının L.N. Qumilyov adına Milli Avrasiya Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum iki ali təhsil müəssisəsi arasında elmi, tədris və akademik mübadilə sahələrində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. Hazırda Memorandum çərçivəsində L.N. Qumilyov adına Milli Avrasiya Universitetinin nümayəndələri – Tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Diana Akjijanova və həmin kafedranın professoru Manshuk Yeskindirova Azərbaycan Dillər Universitetinin qonağıdırlar. Səfər qarşılıqlı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Tehsil365” bildirir ki, akademik mübadilə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Belə ki, Orhun Mübadilə Proqramı çərçivəsində 2025–2026-cı tədris ilinin yaz semestrində Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin iki tələbəsi Qazaxıstanın L.N. Qumilyov adına Milli Avrasiya Universitetində təhsil almaq hüququ qazanıb. Eyni zamanda, 2024–2025-ci tədris ilinin payız semestrində qarşı universitetdən bir tələbə ADU-nun Tərcümə fakültəsində təhsil alıb. Bundan əlavə, Anlaşma Memorandumu çərçivəsində ötən tədris ilinin yaz semestrində ADU-nun iki tələbəsi L.N. Qumilyov adına Milli Avrasiya Universitetində akademik mübadilə proqramında iştirak ediblər.
Səfər çərçivəsində Diana Akjijanova və Manshuk Yeskindirova Filologiya fakültəsində dosent Aytən Allahverdiyevanın dərsində iştirak ediblər. Görüş zamanı qonaqlara Azərbaycan Dillər Universitetinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq əlaqələri və akademik mübadilə proqramları haqqında ətraflı məlumat verilib. Sonda qonaqlar göstərilən yüksək qonaqpərvərliyə görə universitet rəhbərliyinə, eləcə də Filologiya fakültəsinin dekanı dosent A.M. Budaqovaya öz təşəkkürlərini bildiriblər.

