Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə imtahanlarla bağlı səsləndirilən tənqidlərə münasibət bildirib. Onun sözlərinə görə, imtahan sualları əvvəlcədən elan olunan proqram və model tapşırıqlara tam uyğun hazırlanır.
“Tehsil365” xəbər verir ki, DİM sədri qeyd edib ki, imtahanlardan sonra testlərin “çətin” adlandırılması doğru yanaşma deyil. Çünki eyni səviyyəli suallar imtahandan əvvəl ictimaiyyətə təqdim olunan nümunə testlərdə də yer alır.
Məleykə Abbaszadə bildirib ki, bu il 600 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı ötən illə müqayisədə 1000 nəfər artıb: “Əgər imtahan həqiqətən çətindirsə, bəs bu nəticəni göstərənlər bunu necə bacarıblar?” — deyə o vurğulayıb.
DİM sədri əlavə edib ki, hər bir sualın cavabı, izahı, aid olduğu mövzu və istifadə olunan mənbə imtahandan əvvəl açıq şəkildə ictimaiyyətə təqdim olunur. Bu isə imtahan prosesinin tam şəffaf aparıldığını göstərir.
Abbaszadənin fikrincə, problem imtahanların çətinliyində deyil, reallığın qəbul edilməsindədir: “İmtahan çətin deyil, reallıq çətindir.”

