Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov muzeyin Xaqani Şirvani adına Aran regional filialında Kürdəmir rayonu Tahir İslamov adına Dəyirmanlı kənd tam orta məktəbinin şagirdləri ilə görüşüb.
Bu barədə “Tehsil365"ə muzeydən məlumat verilib.
Akademik klassik və müasir Azərbaycan ədəbiyyatını gənc nəslə sevdirmək, layiqincə tədris və təbliğ etmək, şagirdlərin intellektual düşünmə qabiliyyətini artırmaq, biliklərini zənginləşdirmək baxımından onlar üçün muzeylərə ekskursiya təşkil edilməsinin vacibliyini vurğulayıb. O, müasir dünya ədəbiyyatındakı yeniliklərdən, ədəbi cərəyanlardan danışıb, şagirdlərin suallarını cavablandırıb.
Daha sonra məktəblilər muzeydə ən qədim dövrdən indiyədək ədəbi prosesi əhatə edən materiallar və yeni eksponatlarla tanış olublar. Azərbaycanda müxtəlif dövrlərdə yaşamış görkəmli rəssamların, tanınmış heykəltaraşların hazırladıqları portretlər, ayrı-ayrı bədii əsərlərə çəkilmiş illüstrasiyalar, əlyazmalar, miniatürlər və kitablar onların marağına səbəb olub.

