Təhsil 365 - Logo Mobile

Azərbaycan uşaq ədəbiyyatının banisi

7224.02.2026 - 11:50
Azərbaycan uşaq ədəbiyyatının banisi

Abdulla Şaiq romantik şair idi. Mollanəsrəddinçilərə yaxın olan şair, həm də Azərbaycan uşaq ədəbiyyatının banilərindəndir.

“Tehsil365" xəbər verir ki, bu gün anadan olmasının 145-ci ili tamam olan Abdulla Şaiq yaradıcılığa tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri “Laylay” adlı uşaq şeiri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb.

Abdulla Şaiqin uşaqlar üçün yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri uşaqlar tərəfindən indi də maraqla qarşılanır.

Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığının görkəmli simalarından biri, ictimai xadim Firidun bəy Köçərli şair haqqında belə yazıb: “Abdulla Şaiqin insanpərvərlik təbliğ edən məşhur şeirlərindən biri “Həpimiz bir günəşin zərrəsiyiz” sərlövhəli, bir qədər mahnı ruhunda, oynaq vəzn və müvəffəqiyyətli ifadə vasitələri ilə yazılmış şeirdir. 1910-cu ildə yazılmış bu əsərdə insanlığa səmimi bir xitab vardır. Şaiqin fikrincə, bəşər əslən qardaş yaranmışdır. İnsanlar hamısı bir günəşin şüasından əmələ gəlmiş, bir ananın, təbiətin qoynunda böyümüşlər”.

Abdulla Şaiq Şekspirin “Maqbet” pyesini, Conatan Sviftin “Qulliverin səyahəti” romanını, Puşkinin, Lermontovun, Krılovun, Qorkinin, Nekrasovun əsərlərini dilimizə çevirib. Yazıçının “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağılları bu gün də uşaqlar tərəfindən sevilərək oxunur. Hazırda Azərbaycan Dövlət Kukla Teatrı Abdulla Şaiqin adını daşıyır.

Dahi şair, yazıçı və dramaturq Hüseyn Cavid: “Səninlə məktublaşmağı mən özümə fəxr və səadət bilib də qəbir evinədək kağızımın arasını kəsməməyi sənə söz verirəm. Özümü yaddan çıxarsam da, səni unuda bilmərəm. Məndən kənarsan, amma yanımdasan, məndən uzaqsan, amma özümdəsən. Mən Şaiq müəllimin tələbəsi olub, onun tərbiyəsi ilə böyümüşəm. Mənim tərcümeyi-halımı ondan soruş”.

Abdulla Şaiq 1959-cu ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. 1990-cı ildən Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev-muzeyi onun həyat və bədii yaradıcılığını, bütün ömrü boyu apardığı pedaqoji fəaliyyətini, onunla ünsiyyətdə olan yazıçı və ziyalıların fəaliyyətini işıqlandıran mədəniyyət ocağıdır.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...