Bu gün Azərbaycan ədəbiyyatı və maarifçiliyi tarixində şair, yazıçı, dramaturq və pedaqoq kimi silinməz izlər qoymuş görkəmli şəxsiyyət Abdulla Şaiqin 145 illiyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin mənalı həyat yolu və zəngin bədii yaradıcılığından bəhs edən virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan “Tehsil365"ə bildirilib ki, virtual sərgidə Azərbaycan milli uşaq ədəbiyyatının incilərini yaratmış, sevilən yazıçı Abdulla Şaiqin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tam mətni təqdim edilir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Abdulla Şaiqin 3 cilddə nəşr edilən “Seçilmiş əsərləri”, “Arazdan Turana”, “Gözəl bahar”, “Kiçik qəhrəman”, “Tülkü həccə gedir”, onun haqqında qələmə alınan “Xatirələrim”, “Abdulla Şaiqin romantizmi”, “Abdulla Şaiqin ədəbi-tənqidi görüşləri”, “Abdulla Şaiq və teatr”, “Abdulla Şaiqin sözlərinə bəstələnmiş musiqi əsərləri” kimi 20-dən çox kitabın tam mətni yer alır.
Virtual kitab sərgisində Abdulla Şaiqin zəngin, çoxşaxəli ədəbi-bədii irsindən bəhs edən akademik Rəfael Hüseynovun “Şaiqin sönməyən ümidi”, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyevanın “Azərbaycan milli düşüncə tarixində Abdulla Şaiq fenomeni”, pedaqogika üzrə fəlsəfə doktoru Nadir İsmayılovun “Uşaq ədəbiyyatının sönməz çırağı” kimi 10-dan çox məqalə də təqdim edilir.
Virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

