Təhsil 365 - Logo Mobile

BDU-nun Tarix fakültəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

9524.02.2026 - 15:17
BDU-nun Tarix fakültəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən “YENİ Klub” və Tarix fakültəsi nəzdindəki “İstiqlal klubu”nun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,bu barədə universitetdən məlumat verilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğunu deyib. Bildirib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə-yeksan etdikləri şəhərin dinc əhalisinə misli görülməmiş qəddarlıqla divan tutub. Həmin hərbi-siyasi təcavüz zamanı 613 nəfər azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülərək işgəncələrə məruz qalıb. Xocalı soyqırımına siyasi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-sının Xocalı Soyqırımı Günü kimi yad olunması barədə qərar, 1995-ci ildə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib. Artıq Xocalı soyqırımının qisası alınıb, torpaqlarımız işğaldan azad olunub. Xocalı öz doğma sakinlərini yenidən qoynuna alıb.

BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz hadisələrin şahidi kimi bu faciə ilə heç vaxt barışmayacağını, soyqırımın dünyaya çatdırılması istiqamətində bütün vətəndaşların həmrəylik nümayiş etdirməyinin vacibliyini söyləyib.

Tarix fakültəsinin IV kurs tələbəsi, Xocalıdan olan Aysel Quliyeva faciənin dəhşətləri ilə bağlı fikirlərini bölüşüb.

Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.

Mehriban İbadova

Новостная лента

На данный момент новостей в ленте нет...