Son bir il ərzində AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində genişmiqyaslı elmi-redaksiya işləri həyata keçirilib. Belə ki, ensiklopediyanın növbəti cildinə daxil edilməsi üçün ümumilikdə 2313 məqalə hazırlanaraq təqdim olunub.
Bu barədə “Tehsil365” ə AMEA-dan məlumat verilib.
Məqalələr coğrafiya, tarix, biologiya, iqtisadiyyat, ədəbiyyat, sosial elmlər, texniki və təbiət elmləri daxil olmaqla müxtəlif elmi sahələri əhatə edir. Ən çox məqalə coğrafiya, geologiya və ekologiya, biologiya və tibb, eləcə də ədəbiyyat və mədəniyyət istiqamətləri üzrə hazırlanıb.
Azərbaycan Milli Ensiklopediyasının 600 səhifəlik 11-ci cildi ötən il çapdan çıxıb. Bu cild “Hindistanda xalq üsyanı” məqaləsi ilə başlayır və “İqdam” məqaləsi ilə tamamlanır. Bununla yanaşı, ensiklopediyanın 12-ci cildi üçün məqalələrin ilkin variantları hazırlanaraq redaktə mərhələsinə təqdim edilib.
Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev Ensiklopediyası” üzərində işlər tamamlanıb.

