Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Zəfərin 6-cı ili: postmüharibə dövründə bərpa və inteqrasiya prosesi” mövzusunda maarifləndirici tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə çıxış edən fakültənin dekanı Rövşən Cavadov işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin əhəmiyyətini vurğulayıb. Dekan bildirib ki, azad olunmuş ərazilərdəki layihələr yalnız infrastrukturun deyil, insanların sosial və mənəvi həyatının bərpasına da xidmət edir.
Daha sonra postmüharibə dövründə bərpa və cəmiyyətə inteqrasiya, bu prosesdə sosial işin təşkili məsələləri ətrafında müzakirələr aparılıb. Çıxışlarda sosial işçilərin müxtəlif sosial qruplara dəstək göstərməsi, psixososial reabilitasiyanın həyata keçirilməsi və icma səviyyəsində inteqrasiyanın təmin olunmasında mühüm rolu vurğulanıb.
Tədbirdə “Sosial iş” ixtisası üzrə III kurs tələbələri Türkan Rüstəmova, Nurlan Nurulu, Nərmin Məmmədova və Səbinə Rəsulova çıxış edərək təhlükəsizlik və infrastruktur, ərazilərin minalardan təmizlənməsi, enerji və su təchizatının bərpası, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına təhlükəsiz qayıdışı və məşğulluq imkanlarının yaradılması məsələlərinə toxunublar.
Tələbələr həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə dövründə həyata keçirilən reinteqrasiya siyasəti çərçivəsində şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə göstərilən dövlət qayğısından bəhs edən videotəqdimatlar nümayiş etdiriblər.
Tədbir fikir mübadiləsi və sualların cavablandırılması ilə başa çatıb.

