Təhsil 365 - Logo Mobile

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

8409.10.2026 - 13:29
BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

Bakı Mühəndislik Universitetində (BMU) Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetinin professoru Hakan Yalçınerin iştirakı ilə müəllimlər və gənc tədqiqatçılar üçün seminar keçirilib.

Universitetdən “Tehsil365”ə bildirilib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü (Keyfiyyətli təhsil) və 17-ci (Məqsədlər naminə tərəfdaşlıq) məqsədləri çərçivəsində təşkil edilən seminar “Universitetlərdə akademik rəqəmsal transformasiya, akademik fəaliyyətin idarə edilməsi, açıq giriş və Crossref DOI ekosistemi: RDL (Raw Data Library) nümunəsi” mövzusuna həsr olunub.

Seminarda professor Hakan Yalçıner akademik fəaliyyətin rəqəmsallaşdırılması, elmi məlumatların idarə edilməsi, açıq giriş prinsipləri və “Crossref DOI” ekosisteminin imkanları barədə məlumat verib. O bildirib ki, universitetlərdə elmi məlumatların vahid rəqəmsal ekosistem çərçivəsində toplanması, sistemləşdirilməsi və beynəlxalq akademik platformalara inteqrasiyası mühüm əhəmiyyət daşıyır.

Hakan Yalçıner magistratura və doktorantura səviyyələrində hazırlanmış dissertasiyaların indeksləşdirilməsi, istinad göstəricilərinin qeydə alınması və elmi nəticələrin beynəlxalq akademik platformalarda əlçatanlığının artırılması imkanlarından bəhs edib. Həmçinin elmi nəşrlər və tədqiqat nəticələri haqqında məlumatların beynəlxalq universitet reytinqlərində istifadə olunan məlumat bazalarına ötürülməsi məsələlərinə toxunub.

Tədbir zamanı “Crossref” və ORCID sistemləri, onların akademik nəşrlərin və tədqiqatçıların identifikasiyasındakı rolu, eləcə də beynəlxalq akademik platformalarda elmi məqalələrin axtarışı və onlarla tanışlıq imkanları barədə nümunələr təqdim olunub. Bununla yanaşı, elmi nəşrlərin təqdim edilməsi və izlənməsi sistemləri, statistik göstəricilər paneli, eləcə də əvvəlki dövrlərdə hazırlanmış dissertasiyaların rəqəmsallaşdırılması və kitabxana fondlarına daxil edilməsi məsələləri müzakirə edilib.

İnteraktiv şəraitdə davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Nilay Hüseynli

Новостная лента

На данный момент новостей в ленте нет...