Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzində “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib.
“Tehsil365 “xəbər verir ki, təlimdə BDU-nun professor-müəllim heyəti ilə yanaşı, Universitetin nəzdində İqtisadiyyat və Humanitar Kollecin müəllimləri iştirak edib, Qazax filialının müəllimləri isə onlayn qoşulublar.
Mərkəzin direktoru İsmayıl Zeynalov süni intellektin tədrisdə imkanları və məhdudiyyətləri barədə məlumat verib. Süni intellektə düzgün sorğu verməyin “rol + tapşırıq + kontekst + format” formulu zəif və güclü sorğu nümunələri əsasında izah olunub.
Təlimdə dərs planlarının və mühazirə xülasələrinin hazırlanması, mövzuların həyati nümunələrlə izahı, tələbələrin səviyyəsinə uyğun sadələşdirilməsi, çoxseçimli testlərin və qiymətləndirmə meyarlarının tərtibi müzakirə edilib.
Eyni zamanda tələbələrin süni intellektdən istifadəsi, bu vasitə ilə hazırlanmış işlərin müəyyənləşdirilməsi, detektorların etibarlılığı və hazır cavablarla həll olunmayan tapşırıqların hazırlanması yolları diqqət mərkəzində olub. Süni intellektin yanlış məlumat riski, faktların yoxlanılması və tələbə məlumatlarının qorunması kimi məsuliyyətli istifadə məsələlərinə də toxunulub.

