Təhsil 365 - Logo Mobile

Məhəmməd Əmin Rəsulzadə 31 Mart soyqırımı haqqında - Nəsiman Yaqublunun təqdimatında

7631.03.2025 - 09:20
Məhəmməd Əmin Rəsulzadə 31 Mart soyqırımı haqqında - Nəsiman Yaqublunun təqdimatında

1918-ci ilin 31 Mart soyqırımı haqqında  geniş bilgilər əldə olunmasında Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin yazılarının böyük əhəmiyyəti vardır.Onun xüsusən mühacirət dövründə yazdığı əsər və məqalələrdən ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırım haqqında geniş bilgilər əldə etmək mümkündür.Bu mənada, M.Ə.Rəsulzadənin redaktorluğu ilə İstanbulda nəşr edilən “Yeni Qafqasiya” jurnalının 1925-ci ilin martında çap  olunan 13-cü sayındakı “Mart faciəsi (17-21 Mart)”  məqaləsi (bu köhnə təqvimlədir, yəni 29 mart-1 aprel)  həmin hadisələri öyrənmək baxımından çox önəmlidir. Həmin yazını  oxuculara təqdim edirəm(müəyyən sözlərin isə anlaşıqlı olması üçün Azərbaycan türkcəsində yazılışını saxlamağı məqsədəuyğun saydım). 


M.Ə.Rəsulzadə

MART  FACİƏSİ

Azərbaycan təşəkkülü tarixində fəcaətlə seçilən günlərdən biri də 17 Martdır. “Mart faciəsi” adıyla  məşhur olan və bu tarixdə başlayan üç günlük qətliam başı bəlalı Bakının keçirdiyi çox qara və məzlum günlərini təşkil edir.

 

İl 1918 idi. Şaumyan mərkəzi Rusiyada hökuməti əlinə alan bolşevik rəisi Lenin tərəfindən bütün Qafqasiya Fövqəladə Komisarlığına təyin olunmuş, Türkiyə Ermənistanının muxtariyyət və istiqlalını təmin üçün əlinə bir fərman (dekret) də verilmişdi. Bu dekret kəndisinə erməni siyasi və milli təşkilatları ilə bərabər hərəkət etmək üçün fövqəladə səlahiyyətlər bəhs edirdi.

 

Şaumyan, Qafqasiya Komisarı sıfətiylə Tiflisə getmiş ikən kəndisinə müxalifət edən Mavərayı(Cənubi) Qafqas Komisarlığı hökumətinə müqabil menşeviklərin əlində olan Tiflis sovetlərində istinadgah bulamayaraq, yaxayı ələ vermədən, bir tavırla(üsulla) sıvışmış, təkrar Bakıya dönmüşdü.

 

Şaumyanın bu surətlə Bakıya dönüşü üzərinə bolşeviklər artıq Bakıda yerləşib buradan Tiflisə qarşı  bir müxalifət və mücadilə cəbhəsi açmaq lüzumuna qəti surətdə qərar vermişlərdi.

 

Bu qərarın qüvvədən feilə gətirilməsi üçün bolşeviklər İran cəbhəsindən dönərək, Bakıda toplu bir halda bulunan rus ordusu saldatlarını(əsgərlərini) min dürlü iğfal(aldatma) və təşviqlərlə məmləkətlərinə getməkdən çəkindirirdilər, onları siyasi məqsədləri üçün qullanmaq istədilər. Bu xüsusda bir tərəfdən Moskvadan erməni təşkilatları ilə bərabər çalışmaq üçün aldıqları əmr, digər tərəfdən də rəislərinin milliyyət etibarıyla erməni oluşu bolşevikləri erməni Daşnaksütyun Firqəsi ilə anlaşmaya sövq edirdi. Bilxassə ki(xüsusilə), Bakıda  alıkolunan saldatlar(əsgərlər) arasında bir çox alay erməni əskərləri var idi.

 

İştə hökuməti Bakı Sovetləri ələ alıb komunist diktaturasını təsis etmək üçün salifüzzikr(yuxarıda deyilmiş) əvamilin təsiri ilə Bolşevik Firqəsinin Qafqasiya Komitəsi, Erməni Daşnaksütyun Firqəsi ilə siyasi və əskəri bir ittifaq əqdinə müvəffəq olmuş, indi artıq iş təcavüzə keçmək üçün bir bəhanə aramaya qalmışdı. Təcavüzün Bakı türklərinə qarşı icra ediləcəyi kəndiliyindən məlum. Həm qolay bir müvəffəqiyyət istehsalı üçün bu cəbhəyə təcavüzdən daha münasib bir tərzi hərəkət bulunamazdı. Çünki vaxtında rus çarizmi tərəfindən mükəlləfiyyəti əskərliyə tabe tutulmayan türk xalqı əskəri təşəkkül nöqteyi nəzərindən çox zəif bir halda idi.

 

Bəhanə bulundu. Milli türk əskərlərinin təşkilinə məmur olub Tiflisdən Bakıya göndərilən əskəri heyətin bir neçə gün əvvəl tövqif edilməsi səbəbiylə zatən elektriklənmiş bir halda bulunan türk əhalisi ikinci bir hadisə ilə daha ziyadə həyəcana verildi.

 

Lənkəranda təşəkkül etməkdə olan türk milli alayında bir qrup qəzaən vəfat edən arkadaşlarının cənazəsini Bakıya təşyi(yola salma) ilə geri dönmək istəmişlər. Sovet mühafizləri tərəfindən limanda bir istimbota(buxar gücü ilə işləyən gəmi) minmək üzrə ikən mühasirə edilmiş, tərki silah etmələri kəndilərinə təklif olunmuş, rədd cavabı alınınca atışma başlamış, milli türk təşkilatının əzmkar müdaxiləsi ilə hadisə az bir zərərlə yatışdırılmaq üzrə ikən sayğısız birtaqım(bir dəstə) cahilin qərəzkar müfəttinlərə alət olması ilə fitnə təkrar alovlanmış, zatən günlərdən bəri qətliama hazırlaşmış bulunan bolşevik erməni qüvvəyi müsəlləhəsi müharib bir vəziyyət alaraq şəhərin müsəlman məhəlləsini bombardman etməyə başlamışdır.

 

Bu təərrüz(hücum) qarşısında istər-istəməz müdafiəyi nəfs etmək zərurətində qalan türklər təchizat və təşkilatlarının qeyri-kafi olmasına rəğmən biz-zərurə silahlarına sarılmışlarsa da, qeyri müsavi bir mükatilədə bittəbii məğlub olmuşlardır. Türk əhalisi üç gün tamam müdhiş bir qətliama uğramış, şəhərin müsəlman hissəsi dini, milli və ictimai müəssisatına varıncaya qədər atəşə verilmişdir.

 

Bu surətlə başlayan Mart faciəsinin nə kimi bir vəhşət və kin mənzərəsi təşkil eylədiyini təsvir edə bilmək üçün bulunan bir vəsiqəni iqtibas edəlim: Bu vəsiqə Mart hadisəsini təhqiq və tədqiqə məmur komisyon əzasından biri tərəfindən tənzim edilmişdir. “Kulka” namını(adını)daşıyan bu zat milliyyətcə türk və müsəlman olmayıb xristian olduğundan kəndisini türklər lehində mübaliğə ilə ittiham etmək, əlbəttə, caiz olamaz. İştə(budur) bu bitərəf mühəqqəq Mart faciəsinə aid təsvir etdiyi lövhələrdən birər parça:

 

“... Münhəsırən(bir şeyə məxsus olan) müsəlman əhali tərəfindən iskan olunan məhəllələrə girib əhalini öldürür, şimşirlərlə parçalıyır, süngülərlə dəlik-deşik edir, evlərə atəş verir, çocuqları bu atəşlərə ataraq diri-diri yaxır, üç-dörd günlük südəmər çocuqları isə süngülərə taxırlardı...”

 

“Hadisatı mütəaqib torpağa gömülmüş 57 islam nəəşı(cəsədi) bulundu. Bunların qulaqları, burunları qoparılmış, qarınları yırtılmış, əzaları kəsilmişdi”.

 

“Öldürmədikləri qadınların saçlarını yekdigərinə bağlayaraq üryan bir halda sokaklarla(küçələrlə) sevq və kəndilərini tüfəng dibçikləri ilə dərb edirlərdi”.

 

“Kimsəyə rəhm edilmirdi. Çocuqlara rəhm edilmədiyi kimi, ixtiyarlara da aman yoxdu. Məsəla, Əlizadə Hacı Əmirin evində 80 yaşlı annəsi, 60 və 70 yaşlı qadınları öldürülmüş və 25 yaşındakı təzə gəlini diri-diri divara çivilənmişdi(mismarlanmışdı)”.

 

“Məqdul bir müsəlman erkəyinin aləti tənəsüliyəsi kəsilib bir az ötədə düşən məktulə bir İslam qadınının ağzına verildiyi kimi, çocuğunu əmizdirir bir vəziyyətdə yerlərə sərilən zavallı qadın nəəşləri və daha bir çox fəci və kərih mənzərələr təşkil edən cinayət əsərləri görülmüşdür” deyir.

 

Kulka Əfəndi divara çivilənmiş yavrularla köpəklər tərəfindən gəmirilməkdə bulunan çoluq-çocuq nəəşlərinin fotoqraflara təsbit olunmuş canhıraş vəqalardan da bəhs edir. Fəqət bu vəqaları biz burada tamamıyla təfsil edəcək deyiliz. Qarelərimizin(oxucularımızın) zatən mütəəssir bulunan əsəbini daha fəzlə(çox) əzmək istəməyiz!.. Mart hadisəsi günlərində Qızıl Rusiya müməssilləri(təmsilçiləri) ilə rus siyasətinin zavallı aləti olan bir qisim erməni xalqının Azərbaycan türklüyünə qarşı nə müdhiş bir kin və ədavət bəslədiyini göstərmək üçün bu qədərini söyləmək də kafidir.

 

Bu ədavət, türk xalqının mövcudiyyəti təbiiyəsinə olduğu kimi, mənəviyyatına da tövcih(üz döndərmək) edilmişdi. Üç gün zərfində 15.000 islam öldürülmüş; Türk müəssəsəatı milliyyəsinin sarayını təşkil edən İsmailiyyə binası ilə “Açıq Söz” və “Kaspi” mətbəələri atəşə verilmiş, Bakının ən böyük camisi top mərmiləriylə dəlik-deşik edilmişdi.

 

Əvət, Ermənistan muxtariyyat və istiqlalının fərmanının cibində daşıyan Şaumyanın qəzetəsi “Bakinski Raboçi” milliyyətçi azərbaycanlılara “Muxtariyyət deyil, xarabazar bulursunuz!” demişdi. Həm 17-21 Mart günlərində əldə etdiyi qolay müvəffəqiyyəti mütəaqib Şaumyan diktaturası bu vədini tamamıyla ifaya qalxmışdı. Bakıdan sonra sıra Qubaya, Lənkərana və nəhayət Şamaxıya gəlmişdi. Şamaxıda islam məhəlləsinin daşı daş üstündə qalmamış, ərəb fatehləri zamanından qalan, müdhiş Şirvan zəlzələlərinə dayanan, bir çox əsrin mədəniyyət şahidi bulunan Camiyi Kəbirə belə acımamış, bütün şəhəri atəşə vermişlərdi.

 

Bolşevik − Daşnaksütyun ittifaqının vəsiqələrlə təsbit edilmiş o günkü hərəkəti möhtəməl Türkiyə təcavüzünə qarşı hər növ tədbir görmək, Qafqasiya cəbhəsini tərk edən mütəlaşi rus ordusu yerinə yeni qüvvətlər qoymaq lazımdı. Bu məqsəd ilə idi ki, Lenin, Şaumyan namına(adına) yazdığı dekretdə Türkiyədən çəkilən rus ordusunun yerinə erməni alaylarının təşkilini əmr edirdi. Ermənilər Türkiyə əleyhdarı olduqlarından iltizam, azərbaycanlılar isə lehdar olduqlarından rədd və qəhr olunurlardı. Nitəkim mənhus Mart günlərinin nəticəsində əqd olunan “müsələha” mərasimindən sonra iniqad(bağlanma,təşkil etmə) edən Sovet ictimaında Müsavat Firqəsinin bayrağını çeynəyən bir bolşevik komisarı Suxoçev “Türkiyənin Bakı cəbhəsi alındı!” deyə elanı şürur eyləmişdir.

 

Anadolu böyük qardaş fədakar məhmətçiyin tarixi yardımı ilə Bakını istirdad(geri alan) edən Azəri xalqı, heç şübhəsiz ki, Türkiyənin deyilsə də, türklüyün  Bakı cəbhəsini düşmənlərdən təmizləmiş, Azərbaycan istiqlalını təmin eyləmişdir.

 

Heyhat ki, sui - talih bu milli cəbhəni təkrar düşmənlər əlinə keçirmişdir. Biz bu gün o faciəli  mart günlərini xatırlarkən bu əlim faciənin hələ təmadi etməkdə olduğunu görməklə dağdarız!.. Fəqət eyni zamanda əməlpərvər Azərbaycan gəncliyinin bu mənhus istila hökuməti ilə barışamaz bir mücadiləyə girişdiyini görməklə də mütəsəlliyiz. Bu təsəlli bizə türklükdə pək mühüm bir cəbhə təşkil edən Azərbaycan Cümhuriyyətinin təkrar hürriyyət kəsb edəcəyini və istiqlalını istirdad ilə çəkdiyi bu acıların mükafatına haqqıyla nail olacağını qüvvətli ümidlərlə təlqin edər.

 

“Yeni Qafqasiya”, 31 Mart 1341 / 7 ramazan  1343, il:2, №13, s. 6-8

Qeyd: M.Ə.Rəsulzadənin bu yazısı “Azəri” imzası ilə oxuculara təqdim olunub.

 

Mavərayı -   Cənubi

Saldat - əsgər

İğfal   -  aldatma

Salifüzzikr  -  irəlidə deyilmiş

Tövqif   -  həbsə alma,saxlatma

Təşyi  -   yola salma

İstimbot  -   buxar gücü ilə işləyən gəmi

Mühəqqəq  -   tədqiq olunmuş

Münhəsır   -  bir şeyə məxsus olan

Üryan - çılpaq

Mütəaqib  -   bir-birinin ardınca

Məqdul  -   öldürülmüş

Qare  -  oxucu

Tövcih   -   üz döndərmə

Möhtəməl  -  ehtimal olunan

İniqad   - bağlanma,təşkil etmə

Mənhus  - uğursuz

İstirdad  -  geri alma

 Red: 31 Mart 1341 / 7 ramazan  1343  - 31 mart 1925;  17 -21  mart köhnə təqvimlədir, yenisi ilə 29 mart - 1 apreldir.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...