Mayın 7-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” mövzusunda XVI beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Milli Məclis Sədrinin müavini Musa Qasımlı, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, BBMM-in icraçı direktoru Rəvan Həsənov, Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Akaki Tsereteli Dövlət Universitetinin rektoru Şalva Kirtadze, Ürgənc Dövlət Pedaqoji İnstitutunun rektoru Feruza Madrakhimova və digər rəsmi şəxslər iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək əklil və gül dəstələri qoyublar. Daha sonra BSU-da təşkil olunan Heydər Əliyevə həsr olunmuş əl işləri sərgisi ilə tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
BSU-nun rektoru Anar Nağıyev çıxışında konfransın məqsədinin Ulu Öndər Heydər Əliyevin yaratdığı milli və dövlətçilik irsinin elmi əsaslarla öyrənilməsi olduğunu bildirib. O, Azərbaycançılıq ideologiyasının ölkəmizin siyasi, sosial və iqtisadi inkişafında əsas baza olduğunu vurğulayıb. A. Nağıyev qeyd edib ki, bu ideologiya təkcə siyasi elmin deyil, həm də fəlsəfə, sosiologiya və tarix sahələrinin tədqiqat obyektidir.
Rektor çıxışında Ümummilli Liderin rəhbərliyi ilə atılan tarixi addımlar – “Əsrin müqaviləsi”nin imzalanması, atəşkəsin əldə olunması və Konstitusiyanın qəbulunun dövlətçiliyin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. O, həmçinin bu gün Prezident İlham Əliyevin liderliyi ilə davam etdirilən siyasi kursun Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə nəticələndiyini qeyd edib.
Konfransın yüksək elmi səviyyədə keçirildiyini vurğulayan redaksiya heyətinin sədr müavini Elnur Kəlbizadə builki tədbirə 5 ölkədən 255 müraciətin daxil olduğunu, onlardan 167-nin qəbul edildiyini bildirib. Konfransda 16 yerli ali təhsil müəssisəsi və 4 xarici ölkədən nümayəndələr iştirak edib.
Tədbirdə çıxış edən Milli Məclis Sədrinin müavini Musa Qasımlı, BANM-in rektoru Elmar Qasımov, ADPU-nun prorektoru Mahirə Hüseynova, BBMM-in direktoru Rəvan Həsənov, həmçinin Türkiyə, Gürcüstan və Özbəkistandan olan universitet rəhbərləri Ümummilli Liderin ideoloji irsinin, Azərbaycançılıq fəlsəfəsinin və dövlətçilik konsepsiyasının əhəmiyyətindən danışıblar.
Konfransın plenar iclası bədii hissə ilə yekunlaşıb. İki gün davam edəcək beynəlxalq elmi konfrans bölmə iclasları ilə işini davam etdirəcək.