Bu gün yayımlanan "Şəhidin Səsi" proqramının növbəti buraxılışında İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan baş kəşfiyyatçı İsrayıl Cəfərzadənin ömür yolu və döyüş şücaətindən bəhs olunub.
“Tehsil365” xəbər verir ki, Cəfərzadə İsrayıl Namiq oğlu 30 sentyabr 2000-ci ildə Bakı şəhəri, Sabunçu rayonunda dünyaya gəlib. Sabunçu qəsəbəsində yaşayan İsrayıl 2007-ci ildə Akif Qambayzadə adına 148 saylı tam orta məktəbin birinci sinfinə qəbul olunub. Ailənin üç oğlundan ən kiçiyi olan İsrayıl uşaqlıqdan fəallığı və bacarığı ilə seçilib. Yunan-Roma güləşi və basketbolla məşğul olan İsrayıl bir sıra yarışlarda nailiyyətlər əldə edib. 2013-cü ildə “Pəhləvan” idman klubunun açıq birinciliyində 2-ci yeri, 2015-ci ildə isə Sabunçu rayonunda keçirilən Olimpiya Hərəkatı yarışlarında da 2-ci yeri tutub.
İsrayıl 2016-cı ildə 9-cu sinfi bitirdikdən sonra peşə təhsili almağa qərar verərək Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Texnoloji Qurğuların Operatoru” ixtisası üzrə təhsil alıb. Peşə məktəbində də fəallığı ilə seçilən İsrayıl müxtəlif tədbirlərə və könüllü proqramlara qatılıb, Keşlə futbol klubunun fan klubunun fəal üzvü olub.
2019-cu ilin iyul ayında hərbi xidmətə yollanan İsrayıl burada da fərqlənməyi bacarıb. Nümunəvi çıxışları və uğurları ilə seçilən İsrayıl xidmətinin ilk aylarında Fəxri Fərmanla təltif olunub. Sonradan xüsusi təyinatlı kəşfiyyat bölüyünə seçilən İsrayıl burada baş kəşfiyyatçı vəzifəsinə qədər yüksəlib. Fiziki hazırlıq, silahla davranış və intizam sahəsində bir çox təşəkkürnamə və fərmanlara layiq görülüb.
İkinci Qarabağ müharibəsi başladıqdan dərhal sonra döyüşlərə atılan baş kəşfiyyatçı İsrayıl Talış və Suqovuşan istiqamətlərində aparılan əməliyyatlarda şücaətlə iştirak edib. 20 nəfərlik kəşfiyyat qrupuna rəhbərlik edən İsrayıl, minalanmış ərazini süngü ilə təmizləyərək döyüş yoldaşlarının təhlükəsizliyini təmin edib. Düşmənə məxsus tankın məhv edilməsində də iştirak edən İsrayıl oktyabrın 14-də yaralansa da, döyüşləri tərk etməyib.
Qəhrəmanımızın son döyüşü oktyabrın 16-dan 17-nə keçən gecə baş verib. 530 yüksəkliyinin alınması zamanı yoldaşlarını mühasirədən çıxarmaq üçün pulemyotla dəstək verən İsrayıl, bununla onların həyatını xilas edib. Lakin növbəti strateji yüksəklik uğrunda gedən döyüşdə snayper gülləsinə tuş gələn İsrayıl Şəhidlik zirvəsinə ucalıb.
Şəhid İsrayıl Cəfərzadə ölümündən sonra “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
İsrayıl Cəfərzadə kimi qəhrəmanlarımızın şücaəti bu gün azad nəfəs aldığımız torpaqların azadlıq rəmzidir. Onlar tarix yazmadılar – özləri tarixin özünə çevrildilər. Şəhidimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, nəsillərə örnək olacaq. Ruhun şad olsun, igid Vətən oğlu!