2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu 1 may tarixindən etibarən başlayıb və proses 12 sentyabr tarixinə qədər davam edəcək.
“Tehsil365” 2025–2026-cı tədris ili üzrə ümumtəhsil müəssisələrinin I siniflərinə şagird qəbulu ilə bağlı üstünlük hüququna (prioritetə) dair ən çox verilən sualların cavablarını təqdim edir.
– Prioritet əsasında məktəb seçimi dedikdə nə nəzərdə tutulur?
– Prioritet əsaslı məktəb dedikdə müəyyən edilmiş meyarlara uyğun olaraq valideynlərin üstünlük əsasında seçim imkanı əldə etdiyi məktəblər nəzərdə tutulur.
– Bakı, Sumqayıt və Gəncə şəhərlərində hansı hallarda prioritet hüququ tətbiq olunur?
• Uşağın bacı və ya qardaşının həmin məktəbdə təhsil alması;
• Valideynlərdən birinin həmin məktəbdə çalışması;
• Məktəbin yerləşdiyi ünvanın vətəndaşın qeydiyyatda olduğu ünvana uyğun olması.
– Abşeron rayonu üzrə prioritet hüququ nə zaman tətbiq olunur?
• Uşağın bacı və ya qardaşının həmin məktəbdə təhsil alması;
• Valideynlərdən birinin həmin məktəbdə çalışması.
– Prioritet sorğuları neçə müddət ərzində cavablandırılır?
– Prioritet meyarlarına əsasən yerləşdirilən sorğulara 5 (beş) iş günü ərzində təsdiq və ya imtina cavabı verilir.
– Hansı hallarda imtina verilir?
– Əgər təqdim edilən sorğu prioritet meyarlarına uyğun deyilsə, sistem tərəfindən imtina verilir.
– İmtina cavabı alan valideynlər nə etməlidirlər?
• Digər ümumi təhsil müəssisələrinə sorğu yerləşdirə bilərlər.
• 17 iyul 2025-ci il saat 11:00-dan etibarən isə imtina aldıqları məktəblərə sərbəst formada yenidən sorğu yerləşdirə bilərlər (bu mərhələdə artıq prioritet meyarları tələb olunmur).